Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin IV turunda Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı Qrossmeyster mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib:
"Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı.
Fiqurları dəyişsək belə, vəziyyət düzəlmədi. Belə güclü turnirdə, adətən, risk az olur. Bu mənada, heç-heçə qaçılmaz oldu".
Rəcəbovun rəqibi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə ağlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkdi:
"Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim.
Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir.
Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə, həmişə istədiyini əldə etmək olmur".

