“Bu il də ənənəvi olaraq tanınmış şahmatçımız, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnir keçirilir.
Sevindirici haldı ki, Şəmkirdə 6-cı dəfə təşkil edilməsinə baxmayaraq, yarışa dünyanın 10 ən güclü şahmatçılarından 6-sı qatılıb.
Dünya çempionu Maqnus Karlsen də turnirdə iştirak edir”.
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov “Shamkir Chess 2019” supertunirinin açılış mərasimindən öncə deyib.
Bu yarışın şahmat tarixində öz yerini tutduğunu vurğulayan nazir, turnirin bütün şahmatçılarının diqqətini cəlb etdiyini bildirib:
“Azərbaycanda şahmat idman növünə böyük dövlət dəstəyi göstərilir. Şahmat azarkeşlərimiz tərəfindən də sevilir.
Belə tədbirlər Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırmaq üçün gözəl vasitədir. Düşünürük ki, gələn illərdə də bu turnir davam edəcək”.

