Şəhriyar Məmmədyarov təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın ən güclü qrossmeysterlərindən biri sayılır.
Amma bu ümumilikdə bəzi xüsusiliklər var.
Sportinfo.az xəbər verir ki, hazırda “Sinkfild” kuboku uğrunda yarışda mübarizə aparan Şəhriyar dünya çempionu maqnus Karlsenlə oyundan sonra şəxsi facebook səhifəsində sponsorunun olmaması ilə bağlı yumşaq desək şikayətlənib.
Əcnəbi jurnalistin sizi tez-tez yarışlara qatılmağa nə vadar edir sualına Şəhriyar utandığı üçün cavab verə bilməyib. Çünki şahmatçı “bu yarışa pula görə qatılıram” cümləsini deməyi şəninə sığışdırmayıb.
Əslində “Grand chess tur” seriyalı yarış kommersiya məqsədlidir və bu yarışda bütün şahmatçılar həm də pul qazanmaq üçün qatılır. Üstəgəl, bu tip yarışlara dəvət olunan bütün iştirakçılara minimum 10 min avro məbləğində pul ayrılır.
Şahmatçı bütün oyunlarını uduzsa belə bu pulu alır. Şəhriyar “Sinkfild” Kubokundan öncə rapid və blits yarışında 20 min dollar qazanıb.
Digər tərəfdən sözü gedən turnirdə həmyerlimizlə yanaşı, dünyanın 1 nömrəsi Maqnus Karlsen, eks dünya çempionu Sergey Karyakin, eks dünya çempionu Vişvanatan Anand, şahmat tacına namizəd Fabiano Karuana, amerikalı Uesli So, Hikaru Nakamura hətta ermənistan təmsilçisi Levon Aronyan belə iştirak edir.
İddiaçıların turnirindən danışmışkən. Mart ayında iddiaçılar turnirində mübarizə aparmış Məmmədyarov 2-ci yeri tutduğu üçün şəxsi büdcəsini 88 min avro zəngiləşdirib. Son 6 ayda 2 yarışdan minimum 110 min avro qazanmış şahmatçı nə üçün əcnəbi jurnalistin sualı qarşısında utanmalıdır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da şahmatçıların yarışlarla bağlı bütün xərclərinin dövlət tərəfindən qarşılandığını dedi.
Təbii ki, elit şahmatçıların sponsorlarla işləməsi dünya təcrübəsində sıx rast gəlinən haldır. Məsələn, bu dünya çempionu Maqnus Karlsenin şəxsi internet saytıdır. Saytda sponsorlarla bağlı ayrca bölmə var.
Eyni sözləri rusiyalı beynəlxalq qrossmeyster Sergey Karyakin haqqında da demək olar. Hikaru Nakamura haqqında məlumatlanmaq istəyənlər də adı çəkilən şahmatçının şəxsi saytından yararlana bilər. İndi isə Şəhriyar Məmmədyarovun şəxsi saytına daxil olmağa çalışacaq.
Bəli, alınmayacaq. Çünki sayt uzun müddətdir ki, işləmir. Axı sponsor cəlb etməyin də öz şərtləri və qaydaları var. Bu yol giley güzardan keçmir. Şübhəsiz ki, şahmatçı bu incəliklərə həssas yanaşsaydı ona nəinki Azərbaycan, hətta dünyanın məşhur şirkətləri əməkdaşlıq təklif edərdi.
Avropa çempionu olan zaman böyük mükafatlar alan şahmatçılarımız piyadadan fil düzəltməməlidir. Axı siz komanda yoldaşınız mərhum Vüqar Həşimovun xatirə turnirnə də təmənnasız qatılmamısınız. Məncə bu sözün mat olduğu yerdir. Ağların qaraları mat etdiyi qaramat bir yer.

