Öz gözündə tiri görməyən vitse-prezident - və ya Məmmədovun iradı haqda bir neçə söz

6 Aprel 2018 13:12 Şahmat 974
Öz gözündə tiri görməyən vitse-prezident - və ya Məmmədovun iradı haqda bir neçə söz

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovun bugünlərdə idman nəşrlərimizin birində müsahibəsi dərc olundu.

Müsahibə Şəhriyar Məmmədyarovun Berlində keçirilmiş iddiaçılar turnirindəki uğurunun qiymətləndirilməsinə həsr edilsə də, Mahir müəllim nədənsə bu məsələdən deyil, jurnalistlərin bu turniri zəif işiqlandırılmasından danışdı.

Digərlərinə cavabdeh deyiləm, amma cənab Məmmədov, heç olmasa bircə dəfə bu işıqlandırmalarla həqiqətən öncədən maraqlansaydı, onda görərdi ki, saytımız bu barədə nələr yazıb və, ümumiyyətlə, şahmat haqqında hansı yazıları dərc edib. Rəhbərlik etdiyi federasiyanın öz saytı(əgər buna sayt demək olsarsa) necə işləməsindən ( daha doğrusu işləməməsindən) danışmaq əvəzinə, Azərbaycan şahmatçılarımız içində indiyədək yalnız bir şahmatçının təbliği ilə məşğul olan bu qurumun rəhbərlərindən birinin KİV-ə qarşı bu cür irad irəli sürmək ancaq isteza ilə qarşılana bilər.

Ən maraqlısı isə bilirsiniz nədir? Niyə uzun illərdir AŞF-nın vitse-prezidenti kreslosunda yer tutan bu şəxs məhz indi ayıldı ki, “okazımıçka”, Azərbaycan jurnalistləri şahmatı lazımi səviyyədə işıqlandırmır? Görəsən, Şəhriyar Berlində belə uğurla çıxış etməsəydi, bu iradlar olacaqdırmı? Və öz saytları bərbad gündə olan Şahmat Federasiyası digər saytlardan nəsə tələb etmək fikrinə düşəcəkdirmi? Yoxsa yenə də əvvəlki kimi, yalnız bir şahmatçımızın çıxışlarını təbliq edərək, Şəhriyar başda olmaqla digərlərinin çıxışlarına göz yumacaqdırlar? Axı, deyəsən, kimsə kiməsə nəsə deyib deyə, AŞF-nın vitse-prezidentinin birdən-birə Şəhriyar da yadına düşüb, “zaodno” jurnalistləridə yada salıb.

Fikrimcə, indiyədək Azərbaycandan qırağa heç bir turnirə heç bir adlı-sanlı, futboldan başqa digər idman növlərindəndə anlayışı olan jurnalistlərini çıxartmayan federasiya, indi özündən və şəxsən Mahir Məmmədovdan başqa heçkəsə irad bildirməməlidir. Bu o Mahir Məmmədovdur ki, bizim dəfələrlə müraciyyətlərimizə, təqdim etdiyimiz lahiyələrə baxmayaraq, görüşlərdən boyun qaçırıb, telefonunun dəstəyini belə götürməyə ərinib, indi isə “ kimlərinsə yanında boynu bükük” qalaraq, gücü jurnalistləri “qamçılamağa” çatır…

Hansı nüfuzlu, peşəkar media nümayəndələrinə şəxsən yardım edərək, hansısa mötəbər yarışları işıqlandırmaq üçün, özü dediyi kimi, turnirlərdə iştirakını təmin edib Mahir Məmmədov?

Vüqar Həşimovu, Vasif Durarbəylini sürgün edən, Şəhriyar Məmmədyərovun uğurlarını “ürək ağrısı” ilə qəbul etməyə məcbur olan vitse-prezident indiyədək saysız-hesabsız aviareyslərə xərclədiyi dövlət vəsaitinin heç olmasa iki biletini jurnalistlər üçün ayırıb ki, qetsinlər, şahmatçılarımızın çıxışlarını işıqlandırsınlar?

Futbolda heç bir möhtəşəm matçları Avropanın ən məşhur stadionlarında canlı izləməkdən buraxmayan, jurnalistləri Şəhriyarın şahmat kombinasiyaları barəsində yazmağa çağıran vitse-prezident nə vaxt özü bu kombinasiyalardan danışıb, biz isə yazmamışıq? Siz dediyiniz Zlatan İbrahimoviçi, Sizdən fərqli olaraq biz yalnız televizorda görə bilirik Mahir müəllim…

O futbol biletlərinə, o biznes-klasslara xərclədiyiniz dövlət vəsaitininə yaxşı olardı ki Federasiyada bir mətbuat katibi yeri ayırardınız və siz gözəl oynadığınız şahmatı o jurnalistdə gözəl təbliq edərdi. Amma peşəkar jurnalist olardı, sizing kaprizlərinizdən asılı “zurnalist” yox. Və sizin yadınıza şahmatımızın təbliğatını Olimpiyadadan Olimpiyadaya deyil, heç olmasa siz Avropalarda izlədiyiniz futbol oyunundan oyuna yadınıza salardı.

Səkkiz ildir ki şahmatımıza rəhbərlik edirsiniz… Bu vaxtadək heç olmasa səkkiz jurnalisti səkkiz turniri işıqlandırmağa dəvət etməmisiniz, Mahir müəllim. Başqasının gözündə çöp axtarmaq əvəzinə, öz gözünüzdəki tiri görsəniz, məncə daha yaxşı olar, cənab vitse-prezident...

Vüqar VÜQARLI

Xəbər Lenti