Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazandı

27 Mart 2018 00:50 Şahmat 611
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazandı

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində XIII turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib.

Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür.

Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib - 0,5:0,5. Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri - Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib. Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya) görüşündə isə heç-heçə qeydə alınıb - 0,5:0,5.

Bu nəticədən sonra Lijen 7 xalla 4-cü, Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Qalan şahmatçılara gəldikdə, Qrişuk 6,5 xalla 5-ci, So 5,5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidi.

Beləliklə, martın 27-də keçiriləcək sonuncu turda qarşılaşacaqlar: Aleksandr Qrişuk - Fabiano Karuana, Levon Aronyan - Uesli So, Sergey Karyakin - Din Lijen, Vladimir Kramnik - Şəhriyar Məmmədyarov. Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir.

Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR