"Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddən artıq böyükdür".
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.
O, Memorialın sayəsində Azərbaycanın dünya şahmatının diqqət mərkəzində olduğunu deyib:
"Memorialla əlaqədar Azərbaycan dünya şahmatının diqqət mərkəzinə çevrilib. Artıq ikinci dəfədir turnir Qarabağ bölgəsində keçirilir. Torpaqlarımız işğaldan azad olunandan dərhal sonra yarışı bu bölgəyə saldıq. Turnirin nüfuzu dünyada həddən artıq böyükdür. Yeri gəlmişkən, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Standartlara uyğun şərait yaradılıb. Turnirin iştirakçılarına uğurlar arzulayıram. Ümid edirəm ki, Vüqar Həşimov Memorialı uzun illər yaşayacaq".
M.Məmmədov Şəhriyar Məmmədyarovun bu turnirdə iştirak etməməsinin səbəblərini açıqlayıb:
"Şəhriyar Məmmədyarovun iştirak etməməsinə səbəb digər turnirlərlə bağlı verdiyi vədlər və müqavilələrə imza atmasıdır. Şəhriyar həmişə bu yarışda iştirak edib, dəfələrlə qalibi olub. O cümlədən 2022-ci ildə keçirilən ilk turnirin qalibi olub. Bu il həqiqətən sərt müqavilələrə qol çəkdiyi üçün iştirakı alınmadı".
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Memorial dekabrın 11-də başa çatacaq.

