COP29

Prezidentlə MÜSAHİBƏ: “Açıq deyəcəm, onlara təklif etmişik ki…”

20 Oktyabr 01:20 Şahmat 438
Prezidentlə MÜSAHİBƏ: “Açıq deyəcəm, onlara təklif etmişik ki…”

Şahmat millilərimiz Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiadasında zəif çıxışları ilə yadda qaldı. Kişi millimiz 8-ci oldusa, sonuncu dəfə Avropa 2-cisi olmuş qadın yığmamız 15-ci yerlə kifayətləndi.

Sportinfo.az xəbər verir ki, prosport.az komandalarımızın performansı ilə bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovdan müsahibə götürüb.

– Çıxışı necə qiymətləndirirsiniz?
– Əlbəttə ki, zəif. Belə bir fikir var ki, əgər sən öz reytinqindən yuxarı yer tutursansa, bunu uğurlu saymaq olar. Bu nöqteyi-nəzərdən götürsək, reytinqdə 12-ci olan kişi yığmamızın 8-ci yeri tutmasını uğurlu saymaq mümkündür. Ancaq mən bunu uğur saymıram. Kişi millimiz Litvaya uduzmalı, İtaliya ilə heç-heçə etməməli idi. Aydın Süleymanlı ilə Rauf Məmmədov yaxşı çıxış etdi. Ancaq Nicat Abasovla Şəhriyar Məmmədyarovun oyununu bir o qədər uğurlu saymaq olmaz. Baxmayaraq ki, Şəhriyar heç bir görüşdə uduzmadı, mən onun çıxışını 4-cü lövhə üçün uğurlu hesab etmirəm (ilk turda İordaniya ilə görüşdə 4-cü lövhədə reytinq əmsalı 1994 olan, ustalığa namizədliyi belə olmayan Xvayra Ənəslə heç-heçə etməsi başadüşülən deyil – S.M.). Məncə, Aydınla Rauf Olimpiadadakı performansa görə reytinqlərini qaldırdı. Digərləri təxmni öz səviyyələrində qaldı və ya bir az aşağı düşdülər. Olimpiada kimi yarışda uğurlu çıxış etmək üçün gərək reytinqindən yüksək oynayasan. Kişi millimiz üçün əlimizdən gələni etmişik. Ancaq bu, idmandır. Olimpiadada yer tutmaq iddia və istəklə reallaşmır. Hamı ora qalib olmağa gəlir. Hindistan həm kişilər, həm də qadınlarda faktiki olaraq rəqibsiz oldu. Amma bu Olimpiadada 2-ci və 3-cü yerlər üçün oynamaq mümkün idi.

– Şəhriyar Məmmədyarov ən yüksək reytinqli şahmatçımız olsa da, 3-cü və 4-cü lövhədə çıxış etdi. Bu nə ilə bağlı idi?
– Avropa çempionu olduğumuz illərdən birində də Şəhriyar aşağı lövhələrdə çıxış edib... Bu lövhədə olması əsassız deyildi. Fikirləşirdik ki, o burada maksimum xal verəcək. Nə qədər qəribə görünsə də, Aydının da 1-ci lövhədə uğurlu çıxışına ümid vardı. O bizim ümidlərimizi doğrultdu... Biz başqa komandalardan fərqli olaraq, bu yarışa 3-4 gün tez gedib dincəlmək imkanı əldə etmişdik. Kapitan Teymur Rəcəbovun da bütün şahmatçılarımıza köməyi oldu. Federasiya olaraq bütün istəklərini reallaşdırdıq. Ancaq gördüyünüz kimi, sonda 8-ci tutduq. Bu yeri isə uğurlu saymaq olmaz.

– Halbuki 2 il əvvəl Hindistanda keçirilmiş Olimpiadada 7-ci olmuşduq...
– Həmin Olimpiadada sonadək medal uğrunda mübarizə aparmışdıq. Amma bu dəfə belə olmadı. Biz, sadəcə, son turlarda aşağı pillələrdən yuxarıya qalxdıq. Əvvəllər Litva və İtaliyanı oyuna çıxmazdan öncə avtomatik məğlub etmiş sayılırdıq. Bu dəfə isə... Çox işləmək lazımdır. Bu nəticə bizdən asılı şey deyil. Böyük nəsil dəyişikliyi gedir. 90-cı illərdə Heydər Əliyevin yardımı ilə formalaşmış nəsil artıq şahmatdan getmək üzrədir. Teymur artıq müəyyən səbəblər üzündən oynamaq fikrində deyil. Qədir Hüseynov da həmçinin. O nəsildən 3 nəfər qalıb: Şəhriyar, Rauf, Eltac Səfərli. Yeri gəlmişkən, Eltacı da bu yarışa məşqçilər heyətinin üzvü kimi aparmışdıq.

– Belə başa düşdüm ki, Teymurun kapitanlığından razı qalmısınız. Bundan sonra Rəcəbovu kişi millisinin kapitanı kimi görəcəyik?
– Teymur bu barədə son fikri özü deməlidir. Ancaq bizim aramızda bu barədə müzakirə olunmayıb. Əgər şahmatçı kimi çıxış etməyəcəksə, kapitan olacaqsa, onun kapitanlığı bizi qane edir. Olimpiada göstərdi ki, Teymur ideal məşqçi, ideal kapitandır.

– Bəs reytinqdə 6-cı olan, lakin sonda 15-ci yeri tutan qadın millimizin belaruslu kapitanı Mixail Şereşevski barədə eyni sözləri demək olar?
– Yenə deyirəm ki, bu, idmandır. Hər şey istədiyimiz kimi olmur. Polşa, ABŞ, Qazaxıstan güclənib. Amma bununla belə deməliyəm ki, Qazaxıstana biz uduzmamalı idik. Hətta son turda Hindistana da uduzmaq fikrində deyildik. Əfsuslar olsun ki, sonuncu lövhələrdə çıxış edən şahmatçılarımız (Gövhər Beydullayeva ilə Xanım Balacayevanı nəzərdə tutur – S.M.) gərginliyə davam gətirə bilmədi və uduzdular. Bizim qadın şahmatçılarımızın məğlubiyyətləri hazırlıqla bağlı yox, psixoloji idi. Onlar çox yaxşı hazırlıq keçmişdilər. Həm Şereşevski, həm də Yevgeni Tomaşevski gecə-gündüz komanda üzərində məqsədyönlü şəkildə işləyib. Ötən il Avropa çempionluğundan bizi möcüzə ayırdı. Gürcü şahmatçının son turda qalib gəldiyi görüşdə Bolqarıstan şahmatçısına uduzması bizi çempionluqdan məhrum etdi.

– Şereşevskinin sonuncu lövhədə son 4 turda Xanım Balacayevanı oynatması qaranlıq qaldı. O isə bunlardan 3-də uduzdu. Halbuki həmin görüşlərdə Gülnar Məmmədovanı oynatmaq olardı...
– Bəli, başqa səbəblər var. Bunun səbəbini biz bilirik. Bu, komanda daxilində qalacaq (Qeyd: müsahibə bunun səbəbini izah edən Gülnar Məmmədovanın dünənki feysbuk postundan əvvəl götürülüb – S.M.)... Qadınlar komandasında sağlam mühit var. Ancaq şahmatçılarımız onlara qarşı olan inamı bəzi məqamlarda psixoloji baxımdan doğrulda bilmədi.

– Qısası, əcnəbi məşqçilər – Şereşevski və Tomaşevski ilə yola davam ediləcək?
– Hələlik başqa fikir yoxdur. Biz onların işindən çox razıyıq. Tomaşevski hətta Aydın Süleymanlıya da məşqçilik edir. Onun qalxmasında Tomaşevskinin həddindən artıq rolu var. Bizdə bu səviyyədə işləyə biləcək yerli məşqçilərin sayı çox azdır, onlar barmaqla sayılacaq qədərdir.

– Siz həm də FIDE-də (Beynəlxalq Şahmat Federasiyası) vitse-prezidentsiniz. FIDE-nin Baş Assambleyası zamanı 3 komissiyaya (Konsitutusiya Komissiyası, Yoxlama Komissiyası, Etika və İntizam Komissiyası) seçkilər keçirildi. Ancaq orada heç bir azərbaycanlı namizədin adını görmədik...
– Azərbaycandan Ülkər Umudova FIDE Qadın Şahmatı Komissiyasının üzvüdür. Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova isə əvvəl Qadın Şahmatı Komissiyasının, daha sonra Yarışlar Komissiyasının katibi olub. Sonuncu dəfə Yarışlar Komissiyasında müşavir kimi də işləyib. Onu biz Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi təyin etdik.

– Həmin assosiasiyanın prezidenti kim olacaq?
– Burada prezident olmayacaq. Orada 2 illik üzv federasiyaların sədrlik sistemi olacaq.

– Bu qurumun olması bizə nə üstünlük verəcək?
– Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan arasında şahmat turnirləri keçiriləcək. Məşqçi-oyunçu mübadiləsi olacaq. İstəyirik ki, böyük siyasi sammitlər olanda uşaq şahmat festivalları keçirək. Hələlik bunlar planlardır. Əsasnamə hələ hazır deyil.

– Siyasi-iqtisadi qurum olan Türk Dövlətləri Təşkilatında Macarıstan da müşahidəçi üzv dövlətdir. Macarıstan Şahmat Federasiyasının da bu assosiasiyaya üzvlüyü mümkündür?
– Açıq deyəcəyəm. Macarıstan və digər ölkələrin federasiyaları da gələcəkdə bura üzv kimi daxil ola bilər. Biz bu barədə onlara təklif etmişik.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi