COP29

"Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər"

2 May 01:20 Şahmat 314
"Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər"

"Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bunu şahmat üzrə Avropa çempionu Ülviyyə Fətəliyeva Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil edilən qarşılanma mərasimində söyləyib.

“Yarış çox gərgin keçdi. Ondan öncə hazırlıq prosesi də çox gərgin keçmişdi. Tarixi uğura imza atdığımıza görə çox sevinirəm. Bu, çox qürurvericidir”, – o deyib.

Şahmatçı bu nəticəni çoxdan gözlədiyini bildirsə də, məhz bu yarışda gözləntilərini bir kənara qoyaraq, yaxşı şahmat oynamağa kökləndiyini vurğulayıb.

Ü.Fətəliyeva həmçinin qələbəsini gənc şahmatçılara həsr etdiyini deyib:

“Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm. Bunun onlar üçün ruhlandırıcı hadisə olmasını istərdim.

Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər”.

Eyni zamanda, Avropa çempionu onu təbrik etmiş Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Yunanıstanda keçirilən Avropa çempionatında qalib olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb.

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb.

Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Xəbər Lenti