Uzun müddət sonra danışdı: “Yoldaşımla belə qərara gəldik ki...”

23 Aprel 01:20 Şahmat 465
Uzun müddət sonra danışdı: “Yoldaşımla belə qərara gəldik ki...”

Azərbaycanın tanınmış şahmatçısı Türkan Məmmədyarova "report"un suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı qrossmeyster övladının tennis üzrə ölkə çempionatında birinci olması barədə danışıb.

Türkan Məmmədyarova öz karyerasından, Azərbaycan şahmatından və Nicat Abasovun İddiaçılar Turnirində çıxışından söz açıb.

- Qızınız İnci Orman tennis üzrə 8-10 yaşlılar arasında Azərbaycan çempionu oldu. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik. Övladınızın tennislə bağlı hədəfləri nələrdir?
- Bu, sevindirici haldır. İnci özü də bunu çox istəyirdi. Qardaşı da şahmat üzrə ölkə çempionu olub və dayısının, mənim və xalasının yolu ilə davam edir. Bizim İnci ilə bağlı hədəfimiz yalnız Azərbaycan çempionu olmaq deyil. Böyük hədəflərimiz var. İstiqamətləndirdiyimiz sahədə perspektiv görməsək, arxası ilə getməzdik. İnci ilə bağlı arzularımız var. Ölkədə birinci olmaq xoşdur. 11-12 yaşında beynəlxalq yarışlara qatılmalıdır. Orada medallar qazanmasını gözləyirik. Maddi problemə görə kortlarda çox məşğul ola bilmirik. Ev şəraitində atasının nəzarəti ilə daha çox çalışır. Amma hər gün yetərincə vaxt ayırırlar. Atletika dərslərinə, idman gimnastikasına və üzgüçülüyə də gedir. Bunların hamısı onun tennisdə daha da uğurlu olması üçündür.

- Siz şahmatçı olsanız da, qızınız tennisi seçdi. Onu kim yönləndirib?
- Oğlum Atilla bizim yolumuzla davam edir, şahmatçıdır. İki yaşında şahmata sevgisi yaranıb. Azərbaycan çempionudur, Avropada 4-cü yeri tutub. İncidə isə bu marağı görmədik. O, daha çox enerjili qızdır. Yoldaşımla belə qərara gəldik ki, onu tennisə qoyaq. Daha çox atası bunu istədi. Özündə də bu sahəyə sevgi olduğu üçün davam etdi.

- Son vaxtlar yarışlarda görünümürsünüz. Kölgəyə çəkilməyinizə səbəb nədir?
- İdmanda formada olmaq üçün müntəzəm məşqlər lazımdır. Pandemiyadan sonra məndə bir az çətin oldu. Üç azyaşlı övladımla evdə olduq. Böyüdülər, məşqləri, məktəbləri, İncinin peşəkar tennis karyerası, Atillanın şahmat həyatı başladı. Bu səbəbdən bir az belə alındı. Şahmatdan uzaqlaşmamışam, Atilla ilə hər gün məşğul oluruq. Onunla turnirlərə gedirəm, təskinlik tapıram.

- Qadın şahmatçılarımızın hazırkı durumu barədə nə deyə bilərsiniz?
- Onlar yüksəlişdədir. Millimiz yaxşı durumdadır. Hər Avropa çempionatından medalla qayıdırlar. İnanıram ki, Şahmat Olimpiadasında da bunu bacaracaqlar. Hindistandakı yarışda buna yaxın idilər. Təəssüf ki, alınmadı, bir az bəxtləri gətirmədi. Qızlarımız yaxşı hazırlaşırlar. Onların durumundan razıyam, yığmamız yaxşı səviyyədədir.

- Son vaxtlar gənc şahmatçılarla çalışmaq üçün əcnəbi mütəxəssislər dəvət olunurlar. Sizcə, bunun ölkə şahmatına nə kimi faydası olacaq?
- Bu, sevindirici haldır. Gələnlərin hamısı dünya arenasında sözlərini deyiblər. Bu praktikadan çox ölkə faydalanıb və xeyrini görüb. Ümid edirəm ki, bizim uşaqlar da görəcəklər.

- Nicat Abasov Kanadada keçirilmiş İddiaçılar Turnirində sonuncu yeri tutdu. Onun çıxışı ilə bağlı nə deyə bilərsiniz?
- Bu, çox çətin yarışdır. Deməyə ehtiyac belə yoxdur. Dünyanın ən reytinqli idmançıları oradadır. Nicatın belə təcrübəsi yoxdur. Digər şahmatçıların əksəriyyəti bu cür turnirlərə çox qatılıblar. Təmsilçimiz üçün çətin olacağı bəlli idi. Amma Nicatın bu nəticəyə görə sınacağını düşünmürəm. Keçən il onun üçün uğurlu alınmışdı. Nailiyyətlərinin davamlı olmasını arzulayıram.

Xəbər Lenti