Rusiyalı şahmatçı, qrossmeyster Aleksandra Kostenyuk 2024-cü ilin yanvarından İsveçrənin bayrağı altında çıxış edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə İsveçrə Şahmat Federasiyası (FSE) məlumat yayıb.
“Kostenyuk İsveçrənin qadınlardan ibarət yığmasının üzvü olacaq. Eyni zamanda o, zərurət yaranarsa, kişilərdən ibarət komandada da oynaya biləcək”, - məlumatda deyilir.
Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri Kostenyuk vətəndaşlığını dəyişən ilk rusiyalı yüksək səviyyəli idmançı (həm qadınlar, həm də kişilər arasında) sayılır.
2022-ci ilin martında qadın şahmatçı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən açıq məktub imzalayıb.
Kostenyukun 38 yaşı var, o, qadınlar arasında şahmat üzrə 12-ci dünya çempionudur (2008-ci ilin sentyabrından 2010-cu ilin dekabrına kimi). Bundan başqa, Aleksandra Kostenyuk ikiqat Rusiya çempionu, Avropa çempionu, milli komandanın tərkibində Dünya Şahmat Olimpiadalarının üçqat qalibidir.
Qadın şahmatçı kişilər arasında da qrossmeyster adının sahibidir. Bundan əlavə, o, iki dəfə İsveçrə çempionatının qalibi olub.
Bu ilin mart ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Beynəlxalq Şahmat Federasiyası Rusiya və Belarus idmançılarına yalnız neytral statusda fərdi turnirlərə icazə verib.
Onlar 2024-cü il yanvarın 1-dək FİDE bayrağı altında yarışa biləcəklər.