"Razı qalmadıq, istədiyimiz olmadı, ümidləri doğrultmadılar"

21 Dekabr 2022 12:40 Şahmat 410
"Razı qalmadıq, istədiyimiz olmadı, ümidləri doğrultmadılar"

"Milli komandamızın olimpiadadakı çıxışından razı qalmadıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ilin yekunlarına həsr edilmiş görüşdə deyib.

AŞF rəhbəri Hindistanda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasında nailiyyət əldə edə bilmədiklərini qeyd edib:

"Bundan nəticə çıxaracaqlarına ümid edirik. Hindistandakı yarış geniş təhlil olunmalıdır. Qadın şahmatçılarımıza gəlincə, daha əzmkar mübarizə göstərdilər.

Təəssüf, yekunda istədiyimiz olmadı. Avropa Kuboku yarışlarında da təmsilçilərimiz ümidləri doğrultmadı".

Mahir Məmmədov iti zəka sahiblərinin 2022-ci ildə qazandığı nailiyyətləri isə yüksək qiymətləndirib:

"İlin əvvəlində Azərbaycan çempionatı keçirildi. Federasiya turnirin mükafat fondunu artırmaqla bütün şahmatçıların yarışda iştirakını təmin etməyə çalışdı.

Azərbaycan çempionatı bu il daha gərgin və maraqlı anlarla yadda qaldı. Yekunda Məhəmməd Muradlı və Gövhər Beydullayeva çempionluq sevinci yaşadı.

2022-ci ildə şahmatçılar bir sıra mötəbər beynəlxalq yarışlarda layiqli nəticələr əldə ediblər. İlk növbədə 20 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatını qeyd etməliyəm.

Mötəbər yarışda hər iki kateqoriya üzrə qızıl medalları azərbaycanlı şahmatçılar qazandılar. Abdulla Qədimbəyli və Gövhər Beydullayeva gənclər arasında dünya çempionu tituluna sahib çıxmaqla adlarını tarixə yazdılar.

Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında mükafatçılar sırasında yer aldılar.

Günay gümüş, Ülviyyə bürünc medala layiq görülməklə ilkə imza atdı. Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında iki təmsilçimiz medalçı oldu.

12 yaşlı oğlanların yarışında Xaqan Əhməd ikinci, 10 yaşlı qızların yarışında isə Leyla Mirzəliyeva üçüncü yeri tutdu.

Rumıniyanın Mamaya şəhərində dünya birinciliyində bir medalımız oldu. 18 yaşlı qızların yarışında Ayan Allahverdiyeva gümüş medal əldə etdi".

Federasiya prezidenti Şuşada ilk dəfə şahmat üzrə beynəlxalq turnirin baş tutduğunu da xatırladıb:

"Kişilərin yarışında Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov qələbə qazanaraq ilk turnirin qalibi oldu.

Naxçıvan 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə qəbul etdi. Azərbaycan yığması mötəbər yarışda fəxri kürsünün üçüncü pilləsində yer aldı.

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan yarış da Azərbaycan komandasının qələbəsi ilə başa çatdı".

Xəbər Lenti