Azərbaycanlı federasiya prezidenti: “Onun az oynamasının obyektiv səbəbləri var"

16 İyun 19:20 Şahmat 433
Azərbaycanlı federasiya prezidenti: “Onun az oynamasının obyektiv səbəbləri var"

Sportinfo.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun Mətbuat xidmətinin suallarını cavablandırıb.

- Azərbaycan çempionatının açılış mərasimində veteran şahmatçılarla görüşünüz maraqlı anlarla yadda qaldı. Federasiyanın gələcəkdə veteran şahmatçılarla bağlı hansı planları var?

- Biz daim veteran idmançılarımızı diqqətdə saxlayırıq, bundan sonra da onların yarışlarda iştirakına kömək edəcəyik. Bildiyiniz kimi veteran şahmatçıların Azərbaycan çempionatında mükafat fondu üç dəfə artırılıb. Qaliblər ölkəmizi beynəlxalq arenada təmsil etmək imkanı qazanacaq. Kişi və qadınlar arasında ən yüksək nəticə göstərən iştirakçı FİDE tərəfindən təşkil olunan dünya çempionatına göndəriləcək. Elmira Əliyeva yeganə xanım iştirakçı olduğuna görə onun dünya çempionatında iştirakı dəqiqləşib. Veteranların yarışında ikinci yeri tutan iştirakçı isə Moskvada MDB ölkələrinin çempionları arasında baş tutacaq turnirdə mübarizə aparacaq. Veteranların yarışında əvvəllər şahmatı özünün əsas işi hesab edən peşəkarlar və həm də həvəskar iştirakçılar mübarizə aparır. Buna görə veteranlar həvəskar iştirakçıların nəticələrini nəzərə almağı xahiş etdilər. Bu amil mütləq nəzərə alınacaq və yekunda xüsusi nominassiya üzrə ən yaxşı iştirakçı təltif olunacaq.

- İşğaldan azad olunan torpaqlarımızda beynəlxalq şahmat turnirinin keçiriləcəyi ilə bağlı məlumat vermişdiniz. Artıq turnirin məkanı və tarixi məlumdurmu?

- Bu gün tarixi torpaqlarımızda beynəlxalq yarışlar keçirmək imkanımız var. Buna görə Müzəffər Ali Baş Komanda İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Tarixi qələbənin qəhrəmanları hər zaman bizim yaddaşımızdadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində iş başlayıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21 - 24 sentyabrda keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.

- Milli komandanın üzvü Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirində ikinci yeri tutdu. Son turda komanda yoldaşı Teymur Rəcəbovu məğlub edəcəyi halda çempion ola bilərdi. Yekunda Azərbaycan derbisi Rəcəbovun qələbəsi ilə başa çatdı. Bu barədə fikrinizi bilmək istərdik?

- Son aylar Şəhriyar Məmmədyarovun demək olar istirahətə vaxtı olmur, ardıcıl olaraq böyük turnirlərdə iştirak edir. Məmmədyarov yüksək səviyyəli şahmatçı olduğuna görə çoxlu sayda dəvət alır. Həm FİDE Qran-Pri, həm Grand Chess Tour kimi yarışları qeyd etmək olar. Ardıcıl yarışlarda iştirakına baxmayaraq Şəhriyar nailiyyətlərini artırmağı bacarır. Son illərin ən böyük turnirlərindən sayılan "Norway Chess" çox məşhur yarışlardan biridir. Şəhriyar mötəbər turniri udmağa çox yaxın idi. Püşkə əsasən, son turda milli komandadakı yoldaşı Teymur Rəcəbovla mübarizə apardı. Fikrimcə, bizim şahmatçılar çox ağır, psixoloji vəziyyətdə qalmışdı. İnanıram ki, ədalətli mübarizə apardılar. Azərbaycan şahmatçılarının duelində sonda Teymur qalib gəldi. Amma idmanda istənilən nəticə ola bilər. Şəhriyar qalib gəlsəydi yenə də tənqidçilər fərqli fikir söyləyəcəkdi. Bununla belə ikinci yeri tutan Şəhriyar karyerasının ən gözəl yarışlarından birini keçirdi.

- Qarşıda Beynəlxalq Şahmat Federasiyasında rəhbər vəzifələrə seçkilər baş tutacaq. FİDE prezidenti Arkadi Dvorkoviç açıqlamasında qurumun rəhbəri seçiləcəyi halda sizə hazırkı vəzifənizdə qalmağı təklif edəcəyini bildirib. Seçkidə hazırkı FİDE prezidentinin şanslarını necə qiymətləndirirsiniz?

- Əvvəlki illərdən fərqli olaraq çox gərgin seçkilər olacaq. Ali şahmat qurumunun prezidenti postuna 4 müxtəlif komanda iddia edir. Arkadi Dvorkoviç son 4 ildə işini peşəkar səviyyədə əyani olaraq nümayiş etdirdi. Böyük şahmat ailəsini idarə edəcək bacarığa malik rəhbər olduğunu sübut etdi. Üstəlik A.Dvorkoviçin seçki komandasında hindistanlı dünya çempionu Vişvanatan Anandın olması böyük amildir.

- Bir neçə gündən sonra dünya şahmat tacına İddiaçılar Turnirinə start veriləcək. Bu yarışda Azərbaycan şahmatçısı Teymur Rəcəbovun şanslarını necə qiymətləndirirsiniz?

- Teymurun çətinliyi ondan ibarətdir ki, çox az yarışda iştirak edir. Az oynamasının obyektiv səbəbləri var, onları açıqlamaq istəməzdim. Oyun praktikası baxımından Stavanger turnirində iştirakı çox vacib idi. İddiaçılar Turnirində rəqiblərin hamısı təcrübəlidir, dünyada tanınan böyük ustalardır. Teymuru gərgin mübarizə gözləyir. Hazırlıqla bağlı dövlətimiz və federasiya bütün lazımi işləri görüb.

- Son olaraq Naxçıvanda təşkil olunacaq 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadası barədə soruşmaq istərdik. Bu yarışda neçə komandanın iştirakı gözlənilir?

- Yaxın günlərdə Təşkilat Komitəsinin formalaşması başa çatacaq, praktiki işə başlanılacaq. Oktyabrda keçiriləcək olimpiadada təxminən 50-dək komandanın iştirakını gözləyirik.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 02:00 Azərbaycan Türkiyə ilə...