"Bacısına ad günündə böyük hədiyyə almışdım” - VİDEO

3 May 2022 19:20 Şahmat 1 476
"Bacısına ad günündə böyük hədiyyə almışdım” - VİDEO

“Əvvəla, Norveçdə olmaqdan şadam. Mənim Osloya ilk səfərimdir.

Çalışdım ki, Norveçdə ən yaxşı oyunumu göstərim. Norveçdə olmaqdan həzz aldım”.

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

“Çempionlar Turu”nun üçüncü mərhələsi sayılan “Oslo Esports Cup”da çıxış edən və son turda təşkilatçı və meydan sahibi Maqnus Karlsenə qalib gələn Şəhriyar maraqlı fikirlər bildirib. O, Karlsenlə ilk görüşündən danışıb:

“Səhv etmirəmsə, ilk dəfə Maqnus Karlsenlə Dubayda qarşılaşmışam. Onda onun 14, mənim 19 yaşım vardı. “Dubay Open” turniri idi. İlk dəfə Maqnusun ailəsini – valideynləri və bacısını orada görmüşdüm.

Həmin turnirin qalibi mən oldum. Xatirimdədir ki, turnirin sonuncu günü Maqnusun bacısının 5 yaşı tamam olurdu və ona böyük hədiyyə vermişdim.

Bu mənim onun ailəsi ilə ilk görüşüm idi. Daha sonra Veyk aan Zee turnirində – yeniyetmə şahmatçıların yarışdığı B qrupunda bir və ya iki dəfə qarşılaşdıq. Hər il o özünü təkmilləşdirdi və sonda dünya çempionu oldu”.

O, BƏƏ-dəki yarışda başına gələn maraqlı əhvalatı da danışıb:

“Maqnus Dubaydakı yarışdan sonra qrossmeyster adı aldı. Yadımdadır ki, hoteldə gəzərkən otağımı qarışdırdım və Maqnusun otağına girdim.

Bu mənim səhvim idi. Az qala onun otağına girəcəkdim. Gördüm ki, o, şahmatı çarpayının üzərinə qoyub yarışa hazırlaşır”.

Şəhriyar şahmata gec başladığını bildirib:

“Mən özüm şahmatla doqquz yaşım olanda məşğul olmuşam. Sizin üçün bir qədər qəribə gələ bilər ki, gec başlamışam.

Mənim həmvətənlərim Teymur Rəcəbovla Vüqar Həşimov bu yaşda artıq beynəlxalq usta adı almışdılar. İlk beynəlxalq turnirimi isə 14 yaşım olanda keçirmişəm. Şahmata gec başlasam da, 6-7 il sonra ilk “beşlik”də qərarlaşdım.

Düşünmürəm ki, bu uğurum azərbaycanlıların şahmatla bağlı olan genindən irəli gəlir. Mən bunun üçün çox əziyyət çəkməli oldum”.

Daha sonra Məmmədyarov 10 yaşlı Karlsen şahmat proqramına qarşı oynayıb. Şəhriyar yaxşı mübarizə aparsa da, 31-ci gedişdə vaxta görə uduzub. Qrossmeyster bu barədə bunları deyib:

“İki dəqiqə ərzində oynamaq çox da asan deyil. Əgər normal vaxt olsaydı, qalib gəlmək mümkün idi. Maqnus strateji oynayır, mənim kimi ancaq hücuma oynamır.

Burada bir neçə vacib gedişi öncədən hesablamaq lazımdır ki, buna da vaxt gərəkdir. Ancaq bu oyundan həzz aldım, yaxşı oyun oldu”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Oslo Esports Cup”da dünya çempionu Maqnus Karlsenə 2,5:0,5 hesabı ilə qalib gəlib.

Xəbər Lenti