AFFA-nın yeni baş katibi: “Mən ona iki dəfə uduzmuşam”

29 Aprel 2022 02:20 Şahmat 905
AFFA-nın yeni baş katibi: “Mən ona iki dəfə uduzmuşam”

“Mən məşhur şahmatçılarımızdan Şəhriyar Məmmədyarov və Rauf Məmmədova qarşı oynamışam. Onlarla eyni nəsil şahmatçılardan olmuşam”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

S.Hacıyev şahmatçı kimi çıxış etdikləri vaxtları xatırlayıb. O bildirib ki, Teymur Rəcəbovla oynamasa da, Şəhriyar Məmmədyarovla qarşılaşıb:

“Teymur Rəcəbovla heç vaxt, heç bir turnirdə qarşılaşmaq imkanım olmayıb. Belə ki, nəticələrim yaxşı olmadığı üçün onunla rəqib düşməmişəm.

Amma Şəhriyar Məmmədyarovla iki dəfə qarşılaşıb, ona uduzmuşam. Sizə maraqlı bir fakt danışım. Qaxda yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilirdi.

Mən də həmin turnirə yaxşı başlamışdım. Ardıcıl üç görüşdə qalib gəlmişdim. Şəhriyar da üç görüşdə uduzmamışdı.

Təsəvvür edin ki, o və mən turnir cədvəlinin lideri idik. Şahmat sisteminə əsasən ən yaxşı nəticə göstərənlər bir-birləri ilə qarşılaşır.

Ancaq Şəhriyarla oynayanda gördüm ki, bu artıq başqa səviyyədir. Ona uduzdum.

Ümumiyyətlə, yaxşı gedişlər etsəm də, zamanlamada hər zaman gecikirdim. Bir neçə gedişi öncədən fikirləşirdim deyə, vaxtım bitdiyi üçün uduzurdum.

Zaman keçdikcə anladım ki, şahmatda uğur qazanmağım mümkün deyil. Məşqçim də mənə çatdırdı ki, vaxtında özümə gün ağlayım, ali təhsil alım. Beləcə, şahmatla vidalaşmalı oldum”.

Xəbər Lenti