"Düzünü desəm, özümdən yaxşı nəticə gözləmirdim"

23 Aprel 17:20 Şahmat 405
"Düzünü desəm, özümdən yaxşı nəticə gözləmirdim"

Sloveniyada şəxsi Avropa çempionatında uğurlu çıxış etməklə 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanan şahmatçılarımızdan biri Abdulla Qədimbəyli oldu.

Sportinfo.az xəbər verir ki, 11 turdan 7.5 xal toplayan Qədimbəyli uzun müddət liderlər sırasında qərarlaşmasına baxmayaraq, yekunda 9-11-ci yerləri bölüşdürdü.

Avropa çempionatında baxımlı oyun sərgiləyən gənc şahmatçı turnirin reytinq favoritləri David Navara və Anton Korobov üzərində qələbələrlə diqqəti cəlb etdi.

Abdulla Qədimbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb:

- Dünya Kubokuna vəsiqə qazanmanız münasibəti ilə sizi təbrik edirik. Yarışdan əvvəl Avropa çempionatında uğurlu çıxış edəcəyinizə inanırdın?

- Düzünü desəm, yaxşı nəticə gözləmirdim. Yarışdan əvvəl əsas məqsəd reytinqimi artırmaq və qrossmeyster normanı yerinə yetirmək idi. Amma çempionata yaxşı başladım və getdikcə özümə daha çox inanmağa başladım. Reytinqimi düşündüyümdən daha çox artırmağa nail oldum. Əsas əksər şahmatçıların arzuladığı Dünya Kubokuna vəsiqə əldə etdim. Bu mənim üçün çox vacib idi.

- Sloveniyada ən çox hansı rəqibdən ehtiyat edirdin?

- Rəqibləri tanıyırdım. Daim onlarla müxtəlif yarışlarda üz-üzə gəlirik. Oyunlarını yaxşı bilirəm. Avropa çempionatı üzərimdə daha çox işləməyə kömək edəcək. Oyunumun mənfi və müsbət məqamlarını daha yaxından izlədim.

- Ən çətin oyun hansı turda oldu?

- Qara fiqurlarla turnirin reytinq üzrə ikinci şahmatçısı Anton Korobovla mübarizə aparmaq çətin idi. Öz variantımı oynadım. Korobov udmaq istəyirdi. Lazımi gedişləri edərək partiyanı qələbə ilə başa vurmağı bacardım. Bu oyun u ən çətin adlandırmaq olar.

- Çempionatda bütün oyunları xatırlasaq, ən asan partiya kimi hansını fərqləndirərsən?

- Asan deyəcəyim oyunu dəqiq bilmirəm. Avropa çempionatında rahat oyunlar olmadı. Amma David Navara ilə oyunu fərqləndirmək olar. Turnirin reytinq favoritinə qarşı mübarizədə məqsəd təkcə qələbə deyildi, həm də baxımlı oyun göstərmək istəyirdim. Nəticədə gözəl oyun alındı, həm də qələbə qazandım. Düşündüyüm taktikanı həyata keçirdim. Müəyyən mənada rahat alındı. Oyundan və nəticədən razı qaldım.

- Yarışın əvvəlindən ilk üçlükdə qərarlaşmışdın. Hansı səbəbdən medal qazanmaq mümkün olmadı?

- İkinci turdan sonra ilk üçlükdə qərarlaşmışdım. Son tur ərəfəsində liderlər qrupunda idim. 7 tur liderlər sırasında mübarizə apardım. Reytinqimə görə yüksək nəticə göstərdim. Rəqiblərim 2600 reytinqli şahmatçılar idi, mənim isə əmsalım 2400-ə yaxındı. Müəyyən mənada yorğunluq özünü göstərdi. Son turlarda artıq gedişləri hesablamaqda çətinlik çəkirdim. Bəzi həmkarlarım erkən heç-heçələr etməklə güclərini son tura saxlayırdı. Mən belə etmədim, bütün oyunlarda maksimum güc nümayiş etdirməyə çalışdım. Bəlkə səbəblərdən biri bu oldu.

- Yorğunluq dedin, bəlkə, fiziki hazırlıq rol oynadı?

- Fiziki hazırlığa daha çox fikir verməliyəm. Turnirdən öncə diqqət etməmişdim. Şahmat yarışları zamanı yaxşı həyat tərzi sürmək lazımdır. Məsələn gün ərzində 1 saat qaçmaq, 2 saat idmanla məşğul olmaq və təmiz hava qəbul etmək. Mən isə daha çox kompüter qarşısında işləyirdim.

- Abdulla Qədimbəylinin yaxın gələcək üçün əsas hədəflərini bilmək istərdik…

- Hazırlıq barədə düşünürəm. Dünya kubokuna hazırlaşmalıyam. Yenilikləri öyrənməliyəm. Gələcək yarışlar barədə məlumat azdır. “Şarja Open”də iştirakım mümkündür. Əsas hazırlığımı gücləndirməliyəm. Mütəmadi olaraq günün müəyyən hissəsini şahmata ayıracam.

- Əsas milli komanda barədə düşünürsən?

- Əlbəttə, əsas milli komandanı düşünürəm. Gələcəkdə yığmanın üzvü olmağı istərdim. Kişi şahmatçılardan ibarət millimiz çox güclüdür. Teymur, Şəhriyar və Rauf kimi şahmatçılarla eyni komandada oynamaq böyük uğur olar. Klassik şahmatda onlara qarşı oyunum olmayıb.

- Səhv etmiriksə, Eltac Səfərliyə qarşı mübarizə aparmısan…

- Eltac Səfərliyə qarşı oynamışam. Klassik şahmatda 1 oyun uduzmuşam, bir heç-heçəmiz olub. Eltac kifayət qədər çətin rəqibdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 11:20 Gözləyirik… ELAN!