İlk Azərbaycan çempionunun 50 yaşı tamam olub - FOTO

22 Yanvar 2022 02:10 Şahmat 718
İlk Azərbaycan çempionunun 50 yaşı tamam olub - FOTO

Kişilər arasında şahmat üzrə ilk Azərbaycan çempionu Rauf Hacılının 50 yaşı tamam olub.

Sportinfo.az xəbər verir ki, o, 1972-ci il 16 yanvar tarixində Sumqayıt şəhərində dünyaya gəlib.

Ömrünün böyük hissəsini şahmata həsr edən R.Hacılı 1992-ci ildə keçirilən müstəqil Azərbaycanın ilk çempionatının qalibi olub.

İki il sonra ikinci dəfə ölkə çempionu titulunu qazanan səbəbkar müxtəlif beynəlxalq turnirlərdən Vətənə medalla qayıdıb, təxminən 7 il kişilərdən ibarət Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatı və Ümumdünya Şahmat Olimpiadalarında çıxış edib. Müxtəlif illərdə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının məşqçisi olub.

1996-cı ildən məşqçiliyə başlayan Rauf Hacılı ölkədə yeni şahmat nəslinin inkişafında da yaxından iştirak edib. Tanınmış şahmatçı Avropa çempionu Vüqar Həşimov R.Hacılının ilk tələbələri sırasında olub.

Sonrakı illərdə R.Hacılı hazırda milli komandanın üzvləri olan Nicat Məmmədov və üçqat Avropa çempionu Rauf Məmmədovla işləyib.

Beynəlxalq usta Rauf Hacılı həm də şahmat üzrə beynəlxalq hakim dərəcəsinə malikdir.

2002-ci ildən aktiv şahmatdan ayrılan Rauf Hacılı hazırda ixtisası üzrə Azərbaycan Beynəlxalq Bankında işləyir.

Azərbaycan Şahmat Federasiyasının kollektivi Rauf Hacılını şahmat ictimaiyyəti adından təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və müvəffəqiyyətlər arzu edir!

Xəbər Lenti