Federasiyanın yeni baş katibi tanınmış qadın oldu

27 Noyabr 2021 00:40 Şahmat 678
Federasiyanın yeni baş katibi tanınmış qadın oldu

Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib.

O, bu postda Faiq Həsənovu əvəzləyib. F. Həsənov federasiyada I vitse-prezident olub.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Hesabat-seçki yığıncağında AŞF-nin fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra qurum rəhbərliyinə yeni seçkilər keçirilib.

Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışmaqla yanaşı, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Faiq Həsənov federasiyanın I vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

M.Məmmədov qarşıda idmançıları bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Mahir Məmmədov yeni vəzifədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E. Rüstəmov toplantıda iştirak etməyib. O, 2007-ci ildən AŞF prezidenti idi.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?