SOCAR sponsor oldu - Bu dəfə Şəmkirdə keçirilməyəcək

21 Noyabr 2021 00:00 Şahmat 472
SOCAR sponsor oldu - Bu dəfə Şəmkirdə keçirilməyəcək

İlin sonunda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca VII beynəlxalq şahmat super turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğuyla baş tutacaq Memorial dekabrın 17-də start götürəcək.

VII Vüqar Həşimov Memorialı rapid və blits şahmat üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Bu dəfə mötəbər şahmat yarışına “Fairmont Baku” hoteli ev sahibliyi edəcək.

İlk dəfə 2014-cü ildə baş tutmuş Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib.

Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. Ötənilki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb.

Qara fonda və ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.

Digər Xəbərlər
Xəbər Lenti