
Yenidən Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti seçilən Mahir Məmmədov göstərilən etimadı doğrultmağa çalışacaq.
Sportinfo.az xəbər verir ki, o, bu barədə hesabat-seçki konfransından sonra jurnalistlərə açıqlamasında bildirib.
Funksioner AŞF-nin üzvlərinə onu seçdikləri üçün təşəkkür edib:
"Konfransda çox vacib məsələlərə baxıldı. 2024-2025-ci illərin hesabatı dinlənildi. 2025-ci ilin büdcəsi təsdiqləndi.
Vacib məsələlərdən biri də qurumun nizamnaməsində dəyişikliklərin edilməsi oldu. Vitse-prezidentlərin sayı, işin həcmi nəzərə alınaraq 2-dən 3-ə çatdırıldı.
Faiq Həsənov, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov vitse-prezident seçildilər. Bundan əlavə, yeni İcraiyyə Komitəsi təsdiq olundu.
Çox yaxşı işçi heyəti formalaşdı. Qarşımızda duran vəzifələri icra etməyə başlayacağıq".
O, Seymur Talıbovun AŞF-dən ayrılmasına da münasibətini bildirib:
"Konfransda onun Azərbaycan şahmatına verdiyi töhfələr barəsində danışdıq. Uzun illər məhsuldar işinə görə minnətdarlığımızı bildirdik.
Bu münasibətlə ona federasiya adından plaket də təqdim etdik. Mən də ona təşəkkürümü bildirirəm".