"Mənə verilən vədi 1 ildən çox gözlədim, sonda ölkəmi tərk etməli olduğumu anladım"

26 Fevral 19:20 Şahmat 456
"Mənə verilən vədi 1 ildən çox gözlədim, sonda ölkəmi tərk etməli olduğumu anladım"

Ermənistanın tanınmış şahmatçısı Levon Aronyan yenidən ölkəsini tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı 39 yaşlı qrossmeyster özünün feysbuk səhifəsində paylaşıb.

O, qərarının hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olduğunu yazıb:

"Ötən il hamımız üçün çox çətin keçdi:pandemiya, müharibə, şəxsi həyatımdakı faciə və dövlətin erməni şahmatına qarşı laqeydliyi. Verilən sözlərin yerinə yetirilməsi üçün 1 ildən çox gözlədim.

Sonda çətin qərar verməli və doğma ölkəmi tərk etməli olduğumu anladım. İstənilən dəyişikliyi gözləmək idman karyeram baxımından vaxt itkisidir.

Ailəm, xüsusən anam məni şahmatçı etmək üçün çox qurban verdi. Bunu qiymətləndirirəm və şanslarımdan maksimum istifadə etməliyəm".

Uğurlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın şəxsi diqqəti və göstərdiyi dəstəklə əlaqələndirən Aronyan bildirib ki, yeni hökumətin şahmat sahəsində dağıdıcı qərarlarını dayandırmaq üçün etdiyi bütün cəhdlər uğursuz olub:

"Dövlətin dəstəyini özüm üçün deyil, uğurlarımla vətəni təmsil etmək üçün istədiyimi onlara çatdıra bilmədim. Mənə dedilər ki, ekspertlər daha sənin potensialına inanmırlar".

Dəfələrlə maraqlı təkliflər aldığını deyən şahmatçı ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini vurğulayıb:

"Əminəm ki, zaman keçdikcə şahmat Ermənistanda öz statusunu bərpa edəcək. Şahmat məktəblərini bağlamaq əvəzinə bu idman növünə hörməti yenidən görəcəyik".

Levon Aronyan Ermənistanı ikinci dəfə tərk edir. O, daha əvvəl - 2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 17:40 Bəs "Zirə" nə etsin?