Vüqarın rəqibi ŞOKa saldığ an

11 Yanvar 2021 14:20 Şahmat 721
Vüqarın rəqibi ŞOKa saldığ an

Serbiyaya yola düşəndə balaca fotoaparatımla tarixi anları lentə alacağımı ağlıma gətirmirdim.

Əslində Novi Sada gəldiyim gün yaxşı olmayan hadisələr baş verdi.

Millimiz ardıcıl qələbələrdən sonra ilk dəfə məğlubiyyət acısı yaşadı, oyundan sonra Sərxan Həşimovla otelin liftində qalmağımız əhvalımızı daha da korladı. Uğursuzluq bununla bitdi və şahmatçılar sonrakı turlarda yalnız qələbə qazandı.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatında ilk tarixi uğurunun hər dəqiqəsini yaxşı xatırlayıram. Çempionatın sonuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandasını məğlub etməliydi.

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov partiyalarını heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova yönəldi.

Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi.

Hamı oyunu bitirib və lövhə qarşısında yalnız Vüqar mübarizəni davam etdirir. Saatlar keçir, yorğunluq özünü göstərir.

Vüqarın oyununda bərabər vəziyyət yaranır, yalnız beşinci saat Həşimov rəqibi səhv etməyə məcbur edir. Ümid artır. Şəhriyarın üzü gülür, Teymur bəndənizə "narahat olma, yaxşı olacaq" söyləyir.

Rauf Məmmədov "Sənan bu gün çempion bizik. Bunu qırmızı hərflərlə yazarsan" deməklə məni daha da ürəkləndirir (sonradan azerisportda Raufun sözləri elə qırmızı hərflərlə yazılır).

Və bütün arenanın diqqəti Vüqar Həşimova yönəlir. Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın tarixi gedişindən sonra Stelvagen uduzduğunu etiraf edir. Və Azərbaycan ÇEMPİON elan olunur!

Sevincimizdən ağlamaq istəyirik. Hamı bizi təbrik edir. Vüqar çoxlu sayda əcnəbi jurnalistin qarşısında yeganə azərbaycanlı media nümayəndəsi - bəndənizə yaxınlaşaraq yavaş səslə deyir: "İlk müsahibə sənindi. Çünki sən həmişə bizimləsən".

Vüqar, Şəhriyar, Teymur, Rauf, Qədir, Eltacı həmişə birlikdə görmüşəm. Son 7 ildə Vüqarın bizimlə olmaması çox kədərlidir. Şəhriyarla Teymuru görəndə özümdən asılı olmayaraq gözüm Vüqarı axtarır.

Çünki bu üçlük dünyanın istənilən şahmat komandasını mat edə bilərdi. 11 yanvar Vüqarın bizi tərk etdiyi gündür. Azərbaycan Vüqarı və VÜQARLI çempionluğu heç vaxt unutmayacaq. Ruhun şad olsun çempion.

P.S Çəkdiyim tarixi fotonu ilk dəfə paylaşıram. Çünki arxivimdə belə qiymətli şəkilin olmasını unutmuşdum.

Sənan Şəfizadə

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi