"Çatışmazlıqlarım onun dediklərindən də çoxdur"

8 Aprel 2020 15:18 Sabah 606
"Çatışmazlıqlarım onun dediklərindən də çoxdur"

Sportinfo.az “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadənin müsahibəsini təqdim edir:

- Karantin dövrünü necə keçirirsən?
- Davamlı olaraq özümü nələrləsə məşğul etməyə çalışıram. Yeni nələrsə öyrənmək və ya faydalı vərdişlər qazanmaq üçün yaxşı fürsətdi. Nə qədər çətin olsa da, həm özümüzün, həm ailəmizin, həm də ətrafımızdakı digər insanların sağlamlığı üçün evdə qalmaq məcburiyyətindəyik.

- Özünü formada saxlamaq üçün nələr edirsən?
- İlk növbədə qidalanmaya diqqət edirəm. Maksimum düzgün qidalanmağa çalışıram ki, çəki artımı olmasın. Bundan əlavə, ev şəraitində mümkün olan məşqləri edirəm.

- Məşqçilərdən hansısa təlimatlar varmı?
- Məşqçilər heyəti hər birimizə xüsusi məşq proqramı göndərib. Daim nəzarətdə saxlamağa çalışırlar.

- Yeni nələrsə öyrənməyə çalışdığını qeyd etdin. Bugünlərdə nə oxuyub, nə izləmisən?
- Karantin müddətində daha çox tarixlə maraqlanıram. Bu məzmunda olan kitabları oxumağa və filmləri izləməyə çalışıram. Son oxuduğum Yuval Noy Harrarinin “Sapiens” kitabıdı. Filmlərdən isə Stiven Spilberqin “Şindlerin Siyahı”sını tövsiyə edərdim.

- Futbolsuz qalmaq nə qədər çətindi?
- Əlbəttə, çox çətindi. Ancaq nəzərə almaq lazımdı ki, hamı üçün keçərlidi. Tək bizdə deyil, dünyanın demək olar ki, bütün ölkələrində futbol dayanıb. Bizim üzərimizə düşən fərdi məşqləri davam etdirmək və çempionatın bərpasına hazır olmaqdı.

- Çempionatın ümumiyətlə ləğv edilməsi məsələsi də gündəmdədi. Bir futbolçu kimi buna münasibətib necə olar?
- Hələ ki, vəziyyət qeyri-müəyyən olduğu üçün hansısa fikir bildirmək çətindi. Ayın sonunda karantin rejimi qalxsa, çempionatı bitirmək problem olmamalıdı. Çox da oyun qalmayıb, qısa müddətdə matçları keçirmək mümkündü.

- Baş məşqçiniz Jelko Sopiç son müsahibəsində səni bir xeyli tərifləyib, eyni zamanda bəzi çatışmayan xüsusiyyətlərinin olduğunu qeyd edib. Buna münasibətin necədi?
- Əlbəttə, çatışmayan cəhətlər var. Hətta Sopiçin dediklərindən də çox. Çatışmayan cəhət varsa, bu, mənə öz üzərimdə işləmək və artırmaq üçün daha da stimul verir.

- Sosial özünütəcrid günlərində insanlara, azarkeşlərə demək istədiyin bir şey varmı?
- Bu günlərdə insanlara, futbol azarkeşlərinə səbrli olmağı, sosial özünütədriclə bağlı tövsiyələrə əməl etməyi, ən əsası, təmizlik qaydalarına riayət etməklə özlərinin və yaxınlarının sağlamlığını qorumağı məsləhət görərdim. Ümid edirəm ki, futbolsuz günlərimiz tezliklə başa çatacaq və yenidən stadionlarda, yaşıl meydanlarda bir araya gələcəyik. (futbolpress)

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?