Təmkinsiz "qırmızıyanaqlar"

20 Oktyabr 2019 20:55 Sabah 1 241
Təmkinsiz "qırmızıyanaqlar"

Dünən "Keşlə" və "Sabah" arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra qalmaqal baş verdi.

Qonaqların yarımmüdafiəçisi Təmkin Xəlilzadə oyun bitən kimi hakimlərin üzərinə yeridi. Onu komanda yoldaşları və polislər sakitləşdirdi. Kamal Umudlu isə Xəlilzadəyə qırmızı vərəqə göstərdi.

Onadək "Sabah"ın daha bir futbolçusu Filip İvanoviç 90+3-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu
Bu, Təmkinin ilk "qırmızı"sı deyil. Əvvəl də cəzaya tuş gəlib. Dünənki hərəkətinə görə, əlbəttə ki, millinin üzvünü alqışlamırıq. Düz eləməyib. İstənilən halda əsəblərini qorumalı, hərəkətinin komandasına mənfi təsirini gözünün altına almalıydı. Çünki əsas heyət üzvüdür və hər oyunda ondan qol, yaxud qol pası gözlənilir. Son vaxtlar əla forma yığan Xəlilzadə ciddi tənbeh edilməlidir. Xüsusən İqor Ponomaryov tərəfindən. "Sabah"ın baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ponomaryov ona səhvini anlatmalı, cərimə kəsməlidir. Ki, bir də hissə qapılmasın, avrokuboklara vəsiqə üçün yola çıxdıqlarını unutmasın. Bu, çox önəmlidir. Çünki Təmkin kimi oyunun məsuliyyətini hər an üzərinə götürə biləcək futbolçu "Sabah"da azdır, onlardan biri olmayanda komandanın "kələyi kəsilir".

Təmkinin davranışından təxmin etmək olardı ki, oyunboyu hakimlə arasında "soyuq külək" əsib. Güman ki, bu, Kamal Umudlunun bir neçə epizodda rəqibin ona qarşı kobud oyununa səssiz qalmasıyla əlaqədardır. Hakim indi deyir ki, oyunun protokolunda hər bir hadisəni detalları ilə qeyd edib. Bəs, Xəlilzadəyə dediklərini necə, onu da yazıbmı? Hakimin ağzında fit, cibində vərəqə varsa, bu o demək deyil ki, istədiyi cür hərəkət edə bilər. Futbolçuyla danışmaq bir mədəniyyətdir, normadır. Sərt üz göstərməyin də yeri var. Hakim yeri gələndə mimikasına təbəssüm qondurmalıdır, yumşaq rəftar etməlidir. Qərarını elə şəkildə bildirməlidir ki, gərək futbolçunun ruhu inciməsin. Hər narazıya sarı-qırmızı vərəqə göstərsən, daha meydanda adam qalmaz ki…

Bu düşüncəni isə mən nə Kamal da, nə əksər gənc hakimlərdə görürəm. Hamısı şablona qaçır. Qaydaları olduğu kimi əzbərləyiblər, elə bilirlər ki, ona riayət etsələr, kifayətdir. Oyunun "hava"sını tutmaq, futbolçuların nəticədən qaynaqlanan əhval-ruhiyyəsini nəzərə almaq güclü və təcrübəli hakimin bildiyi şeydir. Fritz Stuxlik üçün Premyer Liqa maraqlı olsaydı, buranı "laboratoriya"ya döndərməzdi. Rəhim Həsənov, Rauf Cabbarov kimi nisbətən təcrübəli referilərə təyinat vermir, hətta Əliyar Ağayevi tez-tez I Diviziona "sürgün edir", yaranan boşluğu isə Kamal Umudlu kimi "uşaq-muşaq"la doldurmaq istəyir. Çox əbəs yerə! Kamala, o biri cavanlara baxanda, təsəvvür etməyə çətinlik çəkirsən ki, bir neçə il əvvəlki çempionat olsaydı, bunlar neyləyərdilər? Getdikləri hər rayondan döyülüb qayıdardılar.

Sabah-birigün AFFA-nın İntizam Komitəsi yığışacaq, cəzaları yağdıracaq. Hakimi çağırıb soruşan, cəzalandıran olmayacaq, deyilməyəcək ki, futbolçunu niyə o həddə çatdırırsan, sonra da sənə "dişinin dibindən çıxanı" söyləsin, vurmaq istəsin? Günah həmişə döymək istəyəndə, döyəndə olmur axı.

İlkin Vaqifoğlu

Digər Xəbərlər
Xəbər Lenti