Çempionlar Liqası "Barselona"ya qurban verildi...
“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsinə qərarına başqa ad vermək mümkün deyil.
“Sabah”ın ev oyunlarını Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirəcəyi gözlənilirdi.
Amma rəqiblərdən birinin “Barselona” olması vəziyyəti dəyişdi.
Çünki “Barselona” Bakıya gəlirsə, deməli, həmin oyuna maraq hədsiz böyük olacaq. Belə olan halda “Sabah” rəhbərliyi bütün çətinliklərə rəğmən ev oyunlarını Bakı Olimpiya Stadionuna keçirmək üçün hərəkətə keçdi və sonda istəyinə çatdı.
Klubu buna görə qınamaq da olmur. İlk dəfə Bakıya bu çapda dünya nəhəngi gəlir. Bəlkə bir də gəlmədi.
Hər şeyi katalonlara görə ayaqlamaq həm də bir məcburiyyətdir. Səndən asılı olmayan məcburiyyətdir.
İndi “Sabah” – “Barselona” oyununda azarkeşlərin stadiona gəlməsi daha rahat, bilet əldə etməsi isə daha asan olacaq.
Tofiq Bəhrəmov stadionu təxminən 30 min, Bakı Olimpiya Stadionu isə 68 min azarkeş tutumuna malikdir.
Sırf “Barselona” oyunu prizmasından yanaşsaq, bu, doğru qərardır. Dünya nəhəngini iki dəfədən çox böyük tutuma malik arenada qəbul etmək məntiqlidir.
Amma Çempionlar Liqasının bütün əsas mərhələ oyunlarına birlikdə baxanda düşünürəm ki, “Sabah” bu qərardan itirən tərəf ola bilər.
“Barselona” ilə görüşdə Bakı Olimpiya Stadionu dolacaq.
Amma digər rəqiblərlə matçlarda eyni mənzərəni görmək çətin olacaq.
Bakı Olimpiya Stadionu elə böyük arenadır ki, burada hətta 20 min azarkeş olanda belə tribunalar sanki boş görünür.
Halbuki “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanmaq şansının daha yüksək olduğu, xal və qələbə gözlədiyi oyunlar məhz evdə keçirəcəyi digər matçlardır.
Xüsusilə "Slaviya" ilə qarşılaşma.
Belə qarşılaşmalarda isə azarkeş amili çox ciddi üstünlükdür.
Biz bunu Tofiq Bəhrəmov adına Respublika stadionunda “Hapoel"lə oyunda gördük. Komandanın uğur qazanmasında tribunaları dolduran azarkeşlərin böyük rolu və təsiri olmuşdu.
İndi isə “Sabah” həmin üstünlüyü itirmiş olacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ
