Məğlubiyyəti kişi kimi həzm etdi: “İstədiklərini eləməyi bacardılar”

11 Aprel 23:00 Sabah 1 268
Məğlubiyyəti kişi kimi həzm etdi: “İstədiklərini eləməyi bacardılar”

“Sabah”ın qapıçısı Nicat Mehbalıyev Sportinfo.az-a müsahibə verib.

23 yaşlı qapıçı komandasının “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduğu oyun haqda sualları cavablandırıb.

- Hər dəfə Tovuzda məğlub etdiyiniz rəqib üzərində növbəti qələbəyə sevinməyinizə nə mane oldu?

- Əvvəlki matçlarda qalib gəlsək də, heç birində asan olmamışdı. Burada oynamaq həqiqətən çətindir. “Turan Tovuz” əzmkar, döyüşkən komandadır, üstəlik, çox yaxşı azarkeşləri var. Bilirdik ki, bu rəqibə boşluq versən, sonu məğlubiyyətlə nəticələnəcək. Topa nəzarətdə, təkbətək mübarizələrdə səhvlərə yol verdik. Birinci qolu ötürmə səhvimizdən vurdular, ikincini standart vəziyyətdən. Rəqib istədiyini etməyi bacardı.

- Səkkiz nəfər zədə səbəbindən meydana çıxmaqdan məhrum idi. Məğlubiyyətdə onların yoxluğu rol oynadı?

- Hər bir futbolçu komanda üçün qazancdır. İstər əsas heyətdə oynayanlar olsun, istərsə də ehtiyatda oturanlar. Oyunun ikinci hissəsində müəyyən dəyişikliklər etmək olardı. Lakin ehtiyat qüvvə kasad idi. Mənə elə gəlir ki, həmin futbolçular bu gün bizə çox kömək edərdilər.

- Buraxdığın ilk qola görə qapıçılarla işləyən məşqçidən tənqid eşitdin?

- Adi oyun vəziyyəti idi. Müdafiəçi ilə qapıçının arasında əlaqə olur ki, məşqlərdə bunun üzərində çalışırıq. Konkret həmin epizodun üzərində dayanmaq istəmirəm. Dediyim kimi, adi qol vəziyyəti idi, rəqib futbolçu qapımıza qol vurdu. Oyundan dərhal sonra danışmaq etik deyil. Yəqin ki, təhlil zamanı nəyi necə etməli olduğumuza baxıb, üzərində işləyəcəyik.

- Ötən mövsüm gümüş medalları bayram edən komandanın hazırkı “futbol ili”ndə hədəfi nədir? Həmin uğuru təkrarlamaq, yoxsa avrokuboklara vəsiqə qazanmaq?

- Məqsədimiz maksimumu etməkdir. “Qarabağ”ın çempion olduğunu nəzərə alsaq, ən real şans ikinci yeri tutub ötənilki uğuru təkrarlamaqdır. Belə bir şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Ümumi götürəndə bütün komandaların əsas məqsədi avrokuboklara vəsiqəni əldə etməkdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti