“Başqa çarəmiz yoxdur, bu gün onun səhvindən qol buraxdıq"

6 Aprel 19:10 Sabah 666
“Başqa çarəmiz yoxdur, bu gün onun səhvindən qol buraxdıq"

"Turan Tovuz"u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 29-cu turunun "Turan Tovuz"la görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Komanda hücumda çox "dişsiz" təsir bağışladı. Siz necə düşünürsünüz?

- Haqlısız. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu alınmırdı. Sadə oynamaq lazımdır. Biz isə çətinə gedirdik.

- İlk dəfə regionda olduz. Atmosfer necə idi?

- Çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu.

- Əvəzedici heyətin kapitanı İdris İnqilablı haqda məlumatınız var?

- Bəli, onu tanıyıram. Xüsusi nəsə deyə bilmərəm. Həmişə əvəzedici heyətdən, U-19-dan əsas komandaya oyunçular cəlb edirik.

- Yeni gələndə demişdiz ki, əsas hədəfimiz Premyer Liqanı 2-ci pillədə başa vurmaqdır. Ardıcıl iki məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən toparlamaq çətin olmayacaq?

- Xeyr, çətin olmayacaq. Hazırda 5 komandanın arasında çox böyük xal fərqi yoxdur. Məqsədimiz odur ki, xallar götürək. İşimizi görməyə davam edəcəyik. Başqa çarəmiz yoxdur.

- Davit Volkovun məhsuldarlığı azdır. Hücum xəttində dəyişiklik etməyi planlaşdırmırsız?

- David komandaya çox kömək edir. Təəssüf ki, bu gün onun səhvindən qol buraxdıq. Amma mən onu günahlandırmıram. Bir səhvə görə belə düşünmək olmaz. Hər kəsə şans veririk. Bu gün gənc hücumçunu meydana buraxdıq.

- Bu gün 8 oyunçunuz zədə səbəbindən yox idi. Bunun oyununuza təsiri oldu?

- Bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün "Turan Tovuz" layiqli qələbə qazandı.

- "Qarabağ"la matça kimi zədəlilərdən kimlər komandaya qayıdacaq?

- Elvin Camalov dəqiq qayıdacaq. Ümid edirəm ki, Emmanuel Apehlə Anatoli Nuriyev də bizə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti