Gec gəldi, tez anons verdi - Çox adamı komandadan qovacaq!

18 Mart 14:00 Sabah 1 014
Gec gəldi, tez anons verdi - Çox adamı komandadan qovacaq!

Baş məşqçi vəzifəsinə Krunoslav Renduliçi gətirən "Sabah" ikinci qələbəsini Sumqayıtdı qazandı.

Premyer Liqanın 27-ci turu ikinci yerin qapısını onların üzünə açdı.

Mövsüm ərzində ilk dəfə bu pilləyə qalxdılar.

Yeni təyinatın isti nəfəsi «Sabah»ı hardasa ayıldıb. Renduliçi nəticə daha çox maraqlandırır, bunda təəccüblü nəsə görməyək.

Xorvatiyalı yalnız bu fikirlə yatıb-qalxmır. Komandanın hücum gücünü daha artırmağın yollarına baş vurur.

Onun mətbuat konfransında söylədikləri isə bir başqa hədəfə işıq tutur.

Dedi:

«Bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Amma əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox. Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm. Həmin oyunçunu dəyişəcəyik. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq».

Bu açıqlamanın altında çox mənalar, çox məqsədlər gizlənmir. Renduliç nala-mıxa vurmur, konkret danışır. Onu bura gətirənlərdən böyük səlahiyyətlər aldığını gizlətmir.

Dediyi sözlərdən anlaşılır ki, 10-12 gün ərzində demək olar bütün futbolçuları tanıya bilib. Kim kimdir, qiyməti nədir, kluba neçəyə başa gəlib, artıq adama məlumdur. A-dan Z-yə hər şeyi bütün xırdalıqlarına kimi öyrənib.

Böyük islahat aparacaq. Maydan sonra legionerlərin bir qismi bura dönməyəcək. Ola bilsin, yerlilərdən də 2-3 nəfəri qapının arxasında qalacaq.

Bunlar gözləniləndir və olacaq. Renduliç görünüşcə sakit birinə bənzəsə də, deyəsən, o, sərtlikdə Murad Musayevi ötüb keçəcək.

Əslində, düzü də budur. Futbolçulara bir balaca üz verdinsə, dönüb səndən astar da istəyəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!