Yeni baş məşqçi indi lazımdırmı?

4 Mart 2024 17:40 Sabah 1 933
Yeni baş məşqçi indi lazımdırmı?

Bu gün-sabah «Sabah»da nələrsə dəyişəcək.

Masazırda Krunoslav Renduliçin ayaq səsləri eşidilməkdədir.

Böyük ehtimalla, Murad Musayevin davamçısı o olacaq. Xorvatiyalı məşqçinin ilyarımlıq müqavilə imzalayacağı söylənilir.

Fikrimcə, klub rəhbərliyi yeni baş məşqçi axtarışında tələsir.

Musayev 1 ay olar ki, Azərbaycandaı tərk edib və yerinə təyinatın hələ də gerçəkləşməməsi göstərir ki, başbilənlər bu ayrılığa qəfil yaxalanıb, onunla bağlı belə düşüncələri öncədən olmayıb.

Digər tərəfdən, İqor Ponomaryov komandanı təcili təhvil alsa da, təşviş hissi yaşamadı və yaşatmadı.

«Sabah»ın heç bir futbolçusunda narahatıq, əndişə gözə dəymir. Sərt təbiətli Musayevin gedişindən sonra qəfəsdən qurtulan quş kimi meydanda mücadilə verirlər.

Bu, Ponomaryovun xidmətidir və düşünürəm ki, yayadək görəvdə qalmalıdır.

O iş başına keçəndən nəticələr də yaxşılaşıb. «Sabah»ı indi ikinci pillədən cəmi 3 xal ayırır. Görünür ki, futbolçulara Ponomaryovla çalışmaq zülm vermir, əksinə, xoşlarına gəlir.

Ponomaryov taktiki cəhətdən o dərəcədə savadlı olmaya, müasir məşq metodikasını öyrənməyə bilər, amma bu gün üçün əsas məsələ komandanı psixoloji cəhətdən diri tutmaqdır, baş məşqçi əvəzi də bunun öhdəsindən gəlir.

Yönətim Krunoslav Renduliçi bu dar macalda sükan arxasına əyləşdirməklə, riskə gedir. Yaxşı olardı ki, bu izdivacı yayadək təxirə salsınlar.

Qoy, Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanılsın, sonra baş məşqçi məsələsinə qayıdarsız.

Qaş düzəldən yerdə göz çıxarmaq olmasın da bu.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti