“Sabah”ın yeni baş məşqçisi haqda BUNLARI BİLİRDİZ?

9 Mart 2024 17:20 Sabah 1 479
“Sabah”ın yeni baş məşqçisi haqda BUNLARI BİLİRDİZ?

Murad Musayevin istefasından sonra “Sabah”ın yeni baş məşqçisinin adına aydınlıq gəldi.

Daha öncə xəbər verdiyimiz kimi, “tələbələr”i növbəti 1,5 ildə Krunoslav Renduliçlə çalışdıracaq.

“Sabah”ın Xorvatiyadan tapıb gətirdiyi Renduliç kimdir? Futbolçu və məşqçi karyerası ərzində nələrlə yadda qalıb? Hansı ölkələrdə çalışıb?

1973-cü ildə anadan olan səbəbkar futbolçu kimi Xorvatiya klublarında çıxış edib. Karyerasının yüksələn dövründə iki il Sloveniyada (İnterblok) top qovandan sonra yenidən vətəninə qayıdıb.

19 yaşında başladığı peşəkar karyerasını 2014-cü ildə, 41 yaşı tamam olmamış başa vurub. 22 ildə 400-dən çox oyunun iştirakçısı olmaqla Xorvatiya və Sloveniya kubokunu, eləcə də Sloveniya superkubokunu qazanıb.

Futbolçu karyerasını başa vuran kimi məşqçiliyə başlayıb. Həmyerlisi Draqan Skoçiç ona İran “Fulad”ında köməkçisi kimi çalışmağı təklif edib. 2014-cü ilin mayında fəaliyyətə başlayan xorvatlar 2016-cı ilin iyununa qədər “Fulad”da birgə çalışıb.

Skoçiçdən ayrılandan sonra Luka Bonaçiçə qoşularaq yenə Asiya ölkəsində və yenə köməkçi kimi çalışmağı qərara alıb. Bu dəfə Qətərin “Al-Arabi” klubunda. Fəaliyyət dövrü 2017-2018-ci illəri əhatə edib.

Krunoslav 4 il ərzində topladığı məşqçilik təcrübəsinin ardınca baş məşqçi kimi çalışmağı qərara alıb ki, ilk iş yeri Xorvatiyanın yüksək liqa təmsilçisi “İstra 1961” olub. Fəaliyyət dövrü cəmi 5 ayı əhatə edib, 11 matçda iş başında olub. 2018-ci ilin oktyabrında təyinatı olub, 2019-un martında uğursuz nəticələrə görə istefa verib.

Renduliçin işsiz günləri cəmi 4 ay davam edib. 2019-cu iyulunda ona Birinci Liqa təmsilçisi “Şibenik”də çalışmaq təklif olunub və o, komandanı elitaya qaytarmaq üçün qollarını çırmalayıb.

2020-ci ilin mayında çempionat koronavirus pandemiyasına görə başa çatdırılmasa da, turnir cədvəlindəki mövqeyinə görə “Şibenik” elitaya yüksəlib.

2020-21 mövsümünün ən qaynar vaxtında komandanın 6 oyunu qələbəsiz başa vurması Renduliçin sonunu gətirib və 2021-in martında 50 oyunda baş məşqçisi olduğu “Şibenik”dən ayrılıb.

Səbəbkar 3 illik Xorvatiya karyerasının ardınca yenidən ölkə xaricində çalışmaq qərarını verib. O, bu dəfə Bosniya və Hersoqovinaya yollanaraq 2021-ci ilin iyununda “Qoritsa”nın baş məşqçi postunda əyləşib.

“Qoritsa”dakı fəaliyyəti yaxşı başlayıb. Lakin çempionatın növbəti bölümündə, dəqiq desək, qış fasiləsindən sonra nəticələr ürəkaçan olmadığından 2022-nin martında Bosniya klubundan ayrılıb.

Həmin il yenidən İrana yollanıb. Vaxtilə “Fulad”da birlikdə çalışdığı Draqan Skoçiç Renduliçə İran millisində köməkçisi kimi çalışmağı təklif edincə, “Sabah”ın hazırkı çalışdırıcı razılaşıb. 2022-nin sentyabrında Skoçiçi Karlos Keyruş əvəzləyib ki, Renduliç işsiz qalıb.

2022-ci ilin noyabrın 30-da Bosniyaya qayıdaraq bu dəfə “Zrinski Mostar”ın “sükanı” arxasına keçib. Elitadakı startı komandasının ardıcıl 11 oyunluq qələbə seriyası ilə yadda qalıb. “Zrinski” mövsümünün yekununda Bosniya çempionluğunu bayram etməklə yanaşı ölkə kubokunu qazanıb. Bu uğur klub tarixinə ilk “qızıl dubl” kimi düşüb.

Krunoslav növbəti uğurla adını Bosniya futbolunun tarixinə yazdırıb. Onun rəhbərlik etdiyi “Zrinski” 2023-24 mövsümündə Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

“Zrinski” sözügedən ölkənin tarixində avrokubokların qrup mərhələsində çıxış etmək hüququna sahib olan ilk Bosniya klubu kimi tarixə düşüb.

Renduliçin rəhbərlik etdiyi kollektiv qrupda “AZ Alkmaar”, “Aston Villa” və “Legiya” ilə mübarizə aparıb. İlk oyunda “Alkmaar”la qarşılaşma Avropada böyük səs-küyə səbəb olub.

“Zrinski” ilk hissədə qapısından 3 top buraxıb. Fasilədən sonra əvəzetmələrə əl atan baş məşqçini məhz meydana sonradan çıxanlar xilas edib. Onların vurduğu qolların sayəsində “Zirnski” geridönüş edərək qarşılaşmanı 4:3 hesabı ilə qalib başa vurub.

Növbəti görüşlərdə “Aston Villa”ya məğlubiyyət, “Legiya” ilə iki görüşdəki yenilgilər, xorvatiyalı çalışdırıcının “Zrinski”də tutduğu postdan ayrılmasına səbəb olub. Ötən ilin noyabrın 18-də 47 oyunda baş məşqçisi olduğu komandanı tərk edib.

Yazılanlardan da göründüyü kimi, 50 yaşlı xorvatiyalı mütəxəssisin vitrinə qoya biləcəyimiz məşqçilik bacarığı son 1 ildə etdikləridir.

Bosniyada “qızıl dubl”, Konfrans Liqasının qrup mərhələsi, “Alkmaar” üzərində qələbə. Vəssalam.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti