“Sabah”ı qış fasiləsində tərk etmək istəyən futbolçulardan birinin Ceyhun Nuriyevin olması heç kəsə sirr deyil.
Əsas səbəb isə onun uzun müddətdir əvəzedici komandaya göndərilməsidir.
Yarımmüdafiəçinin xidmətində maraqlı olan klub da az deyil.
Premyer Liqanın 3-4 klubu onun xidmətində maraqlıdır.
“Turan Tovuz” icarəyə götüməkdə israr edirsə, “Sumqayıt” və “Səbail” hətta əlavə xərcə qatlaşıb onu heyətinə qatmaqda qərarlıdır.
Amma hazırda hər iki variant da mümkünsüz kimi görünür.
Masazır klubu icarəyə verilməsi üçün Ceyhundan müqavilənin artırılmasını istəyir.
Futbolçu bu şərtə razı deyil.
Digər klublara keçidə isə təzminat məbləğinin yüksək olması mane olur.
Söhbət 100 min manatdan gedir.
Adıçəkilən klublar məbləğin aşağı endirilməsi üçün cəhdlərini davam etdirir.
Əks halda, yayı gözləmək lazım gələcək.
Çünki 22 yaşlı futbolçunun müqaviləsi mövsümün sonu başa çatır.
Azərbaycan millisinin üzvü bu mövsüm Premyer Liqada cəmi 3 görüşdə meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

