İndi “Sabah”dan evinə çörək aparanların çöhrəsinə gülüş qonub.
Əllərinə ilə qulaqlarını çəkib, “o günlər bir də geri qayıtmasın” deyib xoş gələcəyə ümidlə baxırlar.
Avqustla sentyabr ayındakı oyunlar çətin yadlarından çıxa. Çempionata “Qəbələ” üzərindəki 5:0-lıq parlaq qələbə ilə başlayıb “Partizan” uğursuzluğunu unutdurmağın planlarını cızan “tələbələr” gözləmədiyi qəzaya uğradı.
2-ci turda “Neftçi”ylə başlayan 1:1-lik heç-heçə düz 7 tur davam etdi. 7 həftə 3 xalın nə olduğunu bilməyən Masazır təmsilçisinin bu oyunlarda qazandığı 4 xal oldu.
Turlar irəlilədikcə “Sabah” ölkə futbol ictimaiyyətini şoka salmaqda davam edirdi.
Vəziyyət heç cür düzəlmir, komanda öz oyununu tapa bilmir, yeni gələnlərin kollektivə uyğunlaşmadığı aşkar görünürdü. Mikelsə Kaşukun yoxluğu sözün hər mənasında özünü göstərirdi.
“Zirə”, “Səbail”, “Sumqayıt”, “Araz-Naxçıvan” yuxarı pillələrdə “at oynatdığı” dönəmdə “Sabah” biabırçılıqdan qurtulmağın, xalqın dilindən-dişindən avad olmağın yollarını axtarırdı.
İş o yerə çatmışdı ki, baş məşqçi Murad Musayevin Azərbaycanı tərk edib fəaliyyətini Rusiyada davam etdirəcəyinə dair xəbərlər dolaşırdı.
Futbolu az da olsa anlayan adam hiss edirdi ki, bu, müvəqqətidir. “Tələbələr” kələ-kötür yolları bir təhər dəf edib asfaltın üzərinə çıxacaq və onda bu komandanın qarşısını kəsmək mümkün olmayacaq.
Büdcə, təcrübə, daxildəki sağlam mühit – bütün bunlar bir-birini tamamlayırsa, uğursuzluq müvəqqətidir.
Və budur, intizarla gözlədiyin(m)iz “Sabah” artıq xidmətin(m)izdədir. Ötən ay səfərdə parlaq oyunla “Turan Tovuz”u məğlub edən Masazır təmsilçisi növbəti turda turnir cədvəlinə liderlik edən “Qarabağ”a minimal hesabla (1:2) uduzdu.
Son 2 matçda isə azarkeşlər Musayevin rəhbərlik etdiyi kollektivin parlaq qələbələrinə şahidlik edib.
“Kəpəz”ə 2, “Səbail”ə 4 cavabsız top vuran “tələbələr” son 4 oyunda topladığı 9 xalın sayəsində xal sayını 22-yə yüksəldərək 7-ci pillədə yer alıb.
7-ci sıradakı komandanı 3-cü pillədəki “Neftçi”dən vur-tut 3 xal ayırır, başqa cür desək, cəmi 1 qələbə.
“Sabah” qış fasiləsinə qədər 5 görüşdür qələbənin nə olduğunu bilməyən “Araz-Naxçıvan”ı qəbul edib, 18-ci turda autsayder “Qəbələ”nin qonağı olacaq. Mümkün 6 xal qış fasiləsinə ən pis halda “5-lik”də yollanmağa kifayət edəcək.
Hə, indi deyin görək, Musayev getsin, yoxsa qalsın? Mikelslə Kaşuksuz nəticə qazanmaq mümkündür, yoxsa yox?
HƏBİB / SPORTİNFO.AZ

