Bir müddətdir ki, Rusiya mətbuatı Murad Musayevdən yazır.
Ona gələn təkliflər haqda demək olar hər gün xəbər tirajlanır.
Bu məlumatları bir yerə toplasaq, belə təsəvvür yaranır ki, demə, qonşu ölkənin bütün klubları «Sabah»ın çalışdırıcısının arxaınca düşüb.
O gedir, bu gəlir. Bu gedir, o gəlir.
Çağırış/dəvət səpgili informasiyaların dövriyəyə buraxılma tarixi çox maraqlıdır.
Hamısı «Sabah»ın Premyer Liqada qeyri-sabit çıxış etdiyi dönəmə təsadüf edir. Və açığı, bunun təsadüf olmağı qənaətindəyəm.
Qoy olardı bu təkliflər ötən mövsüm də. Axı «Sabah» bürünc medal qazandığı sezon Premyer Liqada fırtına kimi əsirdi, oyunuyla göz oxşayırdı, tərif tərifi çəkirdi.
Həmin vaxt yox da, məhz bu aralar Musayevin elçilərinin boy sırasına düzülməsi yönündə xəbərlərin medianın gündəmin bəzəməsi qətiyyən təbii prosesə oxşamır, reallıqla üst-üstə düşmür.
Murad Musayevin Rusiya mətbuatında dost-aşnası, tanış-tunuşu çoxdur. Hiss olunur ki, özü də haqqında belə informasiyaların yayılmasında maraqlıdır.
Bəlkə də istəyir bu yolla «Sabah» rəhbərliyinə çatdırsın ki, baxın da, təkliflərim başımdan aşır, məndən bərk-bərk yapışın.
Sözsüz, «Sabah»ın futbolçuları Murad Musayevlə ilgili xəbərləri oxuyur. Bu, onlara mənfi təsir göstərir, danmaq olmaz.
Qış fasiləsinə çox az qalıb və komandanın hələ də özünə bənzəməməsi suallarla dolu, amma qapısı qıfıllı otağın açarını Musayevdən soruşmağı zəruri edir - nədir fikri və bu tamaşa nə vaxt bitəcək.
KAMİL

