“Sabah” haqqında əksər futbol mütəxəssislərinin proqnozları suya düşdü.
İlk 9 turda cəmi 1 qələbə qazanan komanda barədə daha nələr deyilmədi ki…
Murad Musayevi istefaya səsləyən kim, rəhbərliyi topa-gülləyə tutan kim.
Amma biz onda da yazırdıq ki, bu klubun problem nə rəhbərlikdədi, nə də baş məşqçidə.
Yeganə çatışmazlıq yenilənən heyətin yararlılıq faizinin aşağı olmasıdır.
Söhbət yeni transferlərin yararsız olmasından getmir.
Məsələ odur ki, ötən mövsümün sonu komandaya uyğunlaşan, əsas simalara çevrilən adların ayrılığından sonra onları əvəzləməli olan əcnəbilərin kluba hazır gəlməmələri idi.
Birinin zədəsi vardı, digəri uzun müddət oyun təcrübəsindən əziyyət çəkirdi.
Adaptasiya prosesini ləng keçirənləri demirəm hələ.
Daşların yerinə oturması üçün zaman lazım idi.
O zaman da yetişdi – qış fasiləsinə az qalmış.
Buna görə ilk növbədə klub rəsmilərinə alqış düşür. Səbr etməsini bildilər.
Kiçik büdrəmədə yersiz müdaxilə eşqinə düşmədilər. Reallığı yaxşı qiymətləndirmək bacarığını nümayiş etdirdilər.
Görüntüyə yox, detallara inandılar.
Və bu da peşəkarlığın layiqli cavabı.
İlk 9 turda 1 qələbə qazanan “Tələbələr” son 7 görüşdə aktivinə 5 qələbə yazdıra bilib.
Bunun sayəsində indi üçüncü pillə ilə xal fərqi 3-ə, ikinci sıra ilə isə cəmi 7-yə kimi enib.
Yalnız xal xanası zənginləşmir, həm də oyun keyfiyyəti hər keçən tur yüksəlir.
Son turda mövsümün ən uğurlu kollektivlərindən biri olan “Səbail”ə nəfəs almağa imkan vermədilər.
4 qol vurdular, 2-si sayılmadı, çox sayda real fürsətlər də sağa-sola xərcləndi.
Son 3 görüşdə 2 qol vuran sabiq “Qalatasaray”lı Cesse Sekidika formasının pikinə doğru iri addımlarla irəliləyir.
Zədədən yeni qayıdan Til Bayıl təmsilçisi ilə matçda 1 qol, 1 asistlə yaxşı gələcəyin mesajını vermiş oldu.
İshak Belfodil ilk dəfə start heyətdə meydana çıxdı. Qol vurmasa da, böyük başağrı olmasını görməmək mümkün deyildi.
Namiq Ələsgərovun formasında yüksəlişin olduğunu mütləq qeyd etməliyik.
Fərdlərlə baş ağrıtmaq istəmirəm.
Ümumilikdə bir mexanizm olaraq meydanda daha yaxşı “Sabah”ın işartıları indi daha aydın sezilir.
David Volkov, Jarl Marqaritanın zədədən qayıdışı və qış fasiləsindəki təlim-məşq toplanışının faydasını nəzərə alsaq, yeni ildən bizi ötənilkindən daha dinamik “Sabah”ın gözlədiyini indidən deyə bilərik.
XANOĞLAN İMANOV

