
Ötən mövsümü uğurlu keçirən futbolçulardan biri də Rəhman Daşdəmirov oldu.
Klubun adı "Keşlə" olan vaxtından tanıdığımız müdafiəçi "Şamaxı" adı ilə özünü daha da təsdiqləməyi bacardı.
Cavid Hüseynovun sevimli futbolçularından olan "5 nömrə" Premyer Liqanın bütün görüşlərində 90 dəqiqə meydanda olan tək-tük futbolçulardan idi. O, bu matçlarda bir dəfə fərqlənməyə də imkan tapmışdı.
Təbii ki, belədə daha iddialı klubların Daşdəmirovu heyətinə qatacağı gözlənilən idi.
Bu mənada "Sabah" daha çevik tərpənməyi bacardı.
Klubun futbolçunu heyətinə qatmasında 50 min manat təzminat haqqını ödəməsi də az rol oynamadı.
Bura qədər hər şeyin futbolçu üçün ideal olduğunu demək olar. Lakin sonrası heç də futbolçu adına ürəkaçan mənzərə deyil.
Avrokubokları da nəzərə alsaq arxada qalan müddətdə "Sabah" 17 görüş keçirib.
Bu matçlarda arxa xətt oyunçusu iki matçda şans qazanıb. Üst-üstə cəmi 46 dəqiqə.
Əlbəttə, bir futbolçunun formada qalması üçün oynaması lazımdır. Necə ki, "Şamaxı"da davamlı oynamaq Rəhmanı inkişaf etdirdi.
Bundan sonra mərkəz müdafiəçisinin "Sabah"da daha çox oynamaq perespektivləri də qaranlıq görünür.
Çünki həmin mövqedə çıxış edən Con İrasabal və Sofian Çaqla əvəzolunmaz kimi görünürlər. Ehtiyatda isə daha bir legioner var. Söhbət mərakeşli Maruan Hadudidən gedir. Hər biri yerli müdafiəçidən ən azı təcrübədə öndədir.
Rəhmanın bir də şansı onda gətirmədi ki, "Sabah" heç də uğurlu mövsüm keçirmir. Məsələn, ötən mövsüm olduğu kimi qələbələr sıralansa, böyük hesablı qalibiyyətlər olsa, Murad Musayev bəlkə də ona daha çox şans verər.
İndiki halda isə Rəhman ya ümid etməlidir ki, komandası uğurlu qrafik cızsın və rusiyalı mütəxəssis hansısa oyunlarda rotasiyalara gedərək ona daha çox şans versin.
Digər variant isə icarəyə yollanmaqdır.
Tərəflər arasında 2025-ci ilə qədər qüvvədə olan müqavilə var.
Qışda 6 aylıq digər klublarımızda icarədə olmaq həm Rəhmana faydalı olar, həm də yayda yenidən daha hazır formada "Sabah"a qayıdar.
XANOĞLAN / SPORTİNFO.AZ