Premyer Liqamızda "fırtına qoparan" SAKİT OĞLAN

28 Yanvar 2023 19:40 Sabah 1 128
Premyer Liqamızda "fırtına qoparan" SAKİT OĞLAN

Ukrayna-Rusiya müharibəsindən sonra ölkəmizə pənah gətirən ukraynalı futbolçulardan biri də Aleksey Kaşuk olmuşdu.

Yarımmüdafiəçi ötən mövsümün sonuna iki ay qalmış “Sabah”a icarəyə verilmişdi.

“Şaxtyor”a məxsus olan futbolçu qısa müddətdə göstərdiyi parlaq futbolla hər kəsin diqqətini çəkməyi bacarmışdı.

İki aylıq Bakı sərgüzəştləri 8 oyun və 2 qolla bitdi. Azərbaycan klubu onu əldən verməməkdə israrlı idi.

Amma müqavilə ilə məxsus olduğu Ukrayna nəhəngi onu elə-belə buraxmaq fikrindən çox uzaq idi. Burada qalmasına razı deyildi.

Əbəs deyil ki, “Sabah” rəhbərliyinin onu yenidən heyətə qatmaq üçün apardığı mübarizə yalnız 4 ay sonra nəticə verdi.

“Şaxtyor” rəsmiləri yeni mövsümün sonuna kimi 22 yaşlı futbolçunu Masazır təmsilçisinə icarəyə verdi.

O, bu səbəbdən mövsümə yalnız 6-cı turun “Qarabağ”la səfər matçında start verə bildi.

Və açılış oyunundaca güclü rəqibinin qapı torunu silkələməyi bacardı. Sanki ilk oyunundaca onun üçün aparılan 4 aylıq danışıqların boşa olmadığı mesajını vermiş oldu.

Arxada qalan 13 turda Kaşuk öz adına 9 qol, 4 asist yazdırmağı bacarıb. "Sabah"ın əla mövsüm keçirməsində sözsüz ki, onun xidmətləri böyükdür.

Bu gun futbol ictimaiyyətində haqqında ən çox danışılan futbolçu odur.

Ukrayna U21 millisinin də üzvü olan ön xətt oyunçusu cəldliyi, dribilinqləri, qol duyumu ilə seçilir. Həm də çox intizamlı biridir. Təsəvvür edin ki, ikisi ölkə kuboku olmaqla meydana çıxdığı 16 oyunda bir dəfə olsun hakimlərin qəzəbinə tuş gəlməyib. Meydanda olduğu 1246 dəqiqə ərzində 1 sarı vərəqə ilə yadda qalmamaq, sadəcə fantastikadır. Nəzərə alaq ki, ən çox ikili mübarizələrə girən, ən çox qayda pozuntusuna məruz qalan bəlkə də odur.

Ən çətin məqamlarda topu ələ keçirib, məsələni bitirə biləcək potensialı var.

Onun sonuncu turda Stankoviç kimi güclü müdafiəçinin başına açdığı oyun sosial şəbəkələrdə hələ də müzakirə olunmaqdadır.

Təbii ki, belədə Alekseylə danışmaq istəyindən təbii nə ola bilər? Heç nə. Mövzu da nə qədər desən.

Amma təəssüf ki, ukraynalı legioner bütün cəhdlərimizə baxmayaraq, israrla danışmaq istəyində olmadığını bildirdi.

Görünür, sakit oğlan bütün enerjisini meydanda qoymağa, daha parlaq gələcək üçün mübarizə aparmağa yönəldib.

Yəqin ki, belə yanaşma ilə kənarda səssiz, meydanda vulkan təsiri bağışlayan Kaşuku ölkəmizdə uzun müddət saxlamaq mümkün olmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti