Kütləvi davanın SƏBƏBİ BİLİNDİ: “Paylarını aldılar” - VİDEO

20 Yanvar 2023 16:40 Qəbələ 755
Kütləvi davanın SƏBƏBİ BİLİNDİ: “Paylarını aldılar” - VİDEO

“Qəbələ” qış hazırlığı çərçivəsində planlaşdırdığı Antalya toplanışını başa vurdu.

Qardaş ölkədəki təlim-məşq toplanışında “Sepsi” (Rumıniya) ilə bərabərə qalan (2:2) bölgə təmsilçisi növbəti matçda “Lukenvalde”ni (Almaniya) 3:2 hesabı ilə məğlubiyyətə uğratdı.

Elmar Baxşıyevin yetirmələrinin sonuncu rəqibi Çexiya “Teplitse”si idi. Gərgin və maraqlı keçən qarşılaşmanın son dəqiqələrində “Qəbələ” hesabda 1:2 geridə olarkən meydanda ara qarışdı, məzhəb itdi.

Kapitan Asif Məmmədovla rəqib futbolçular arasında yaşanan kiçik insident digər futbolçuların da müdaxiləsindən sonra böyüdü.

Təxminən 2 dəqiqəni əhatə edən kütləvi davada xəsarət alan olmasa da, komanda üzvləri kəllə-kəlləyə gəldi.

Məşqçilər heyəti və klub rəsmilərinin müdaxiləsi nəticəsində baş verə biləcək ciddi qalmaqalın qarşısı vaxtında alındı və hakim oyunu 89-cu dəqiqədə başa çatdırdı.

Sportinfo.az insidentin səbəbini öyrənib. Məlum olub ki, qarşıdurmaya səbəb rəqib futbolçunun topu qəsdən Asif Məmmədovun üstünə vurması olub.

Təcrübəli futbolçu nalayiq hərəkət edən rəqibinə kəskin irad bildirib. Qarşı tərəfin ayıbına kor olmaq əvəzinə boy göstərməsi əsəbləri tarıma çəkib və insident bir az da böyüyüb.

Məsələ ilə bağlı Asifdən reaksiya öyrənməyə çalışsaq da, kapitan olaya qısa izahla münasibət göstərdi:

“Yoldaşlıq oyunlarında bu cür hallar qaçılmazdır. Günah onların idi, paylarını aldılar”.

Antalya toplanışını başa vuran “Qəbələ” bu gün vətənə qayıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti