“Qəbələ”nin ilk qolunu vuran futbolçunun kimliyi – MƏŞHURUN OĞLU

15 Yanvar 2023 21:00 Qəbələ 893
“Qəbələ”nin ilk qolunu vuran futbolçunun kimliyi – MƏŞHURUN OĞLU

Qış hazırlığını Antalyada davam etdirən “Qəbələ” qardaş ölkədə ikinci yoldaşlıq görüşünü keçirib.

Yanvarın 12-də ilk oyunda “Sepsi” (Rumıniya) ilə 2:2 hesablı bərabərə qalan Elmar Baxşıyevin yetirmələri yanvarın 14-də “Lukenvalde” ilə üz-üzə gəlib.

Almaniyanın Regional Liqasında mübarizə aparan rəqiblə oyunda təmsilçimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Oyunda diqqət çəkən məqam “qırmızı-qaralar”ın ilk qolunu vuran gənc futbolçunun kimliyidir. Matçın əvvəlində almanlar hesabı açsa da, 30-cu dəqiqədə Gülağa Əsədov tablodakı “1-lər”i eyniləşdirən qolun müəllifi olub.

2003 doğumlu futbolçu vaxtilə “Qəbələ-2”nin sıralarında olsa da, Baxşıyev onu əsas komandada sınamaq qərarına gəlib. Premyer Liqada şans qazanmayan mərkəz yarımmüdafiəçisi Antalyada baş məşqçidən özünü sübut imkanı əldə etdi ki, bu imkanı qol vurmaqla dəyərləndirdi.

Vaxtilə U-17 və U-19 millilərinə cəlb olunmuş istedadlı futbolçu Azərbaycan yığmasının sabiq futbolçusu və kapitanı Arif Əsədovun kiçik oğludur.

Gülağadan əvvəl Fuadla Cavid də futbolçu olmağı arzulasa da, heç birinin istəyi həyata keçməyib. Odur ki, ata Əsədovun yolunu atasının adını daşıyan Gülağa uğurla davam etdirməkdədir.

Futbolçu karyerası ərzində SSRİ-nin gənclər arasında dünya və Avropa çempionu olmuş Arif Əsədov vaxtilə “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Gəncə” kimi komandaların şərəfini qoruyub, Rusiyada Valdiqafqaz “Spartak”ında, “Tümen” və “Anji”də legioner həyatı yaşayıb.

52 yaşlı mütəxəssis məşqçi kimi vaxtilə U-19 yığmasını çalışdırıb, “Neftçi”ni çempion edib. Xeyli vaxtdır Azərbaycan seçməsində Canni de Byazinin köməkçisidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti