"Qəbələ"nin pulu var, bəs…

20 İyun 2022 10:40 Qəbələ 1 141
"Qəbələ"nin pulu var, bəs…

“Qəbələ“ 3 ildən sonra Avropa primeyrasına hazırlaşır.

Bu dönüşü “Fehervar”la qeyd edəcəklər. Konfrans Liqasının II təsnifat mərhələsində macarların qarşısına çıxacaqlar.

“Fehervar” Macarıstanın son illərdə sıçrayış edən klublarındadır. Avrokubokların daimi “abunəçi”sidir. Geniş heyəti və maliyyə dayaqları var.

Ötən mövsüm də Konfrans Liqasında mübarizə aparan və ilk mərhələdəcə mübarizəni dayandıran “Fehervar“ın builki iddiası bir qədər ciddidir.

Kor püşkün “Qəbələ“nin onların qarşısına çıxarmasına şad-xürrəm olublar, sevinclərinin həddi-hüdudu yoxdur.

Düzdür, macar rəsmilər bunu açıq şəkildə dilə gətirmir, amma yerli mətbuat Nyonda atılan püşkün “Fehervar“ cəbhəsini hədsiz məmnun etməsindən yazır hələ də...

Rəqibin bu cür sevinməsinə əsası varmı? “Qəbələ“də işlərin qaydasında getmədiyini söyləyə bilərik.

Sezonun qəhrəmanlarından olan Elmar Baxşıyevin narahatlığını sezməkdəyik. Deyəsən, rəhbərlik indinin özündə də ona tam dəstək vermir.

Baxşıyevin komadasının güc mərkəzi legionerlərdir, onlardan Fernan Lopes artıq buradan uzaqlaşıb. Patrik Robson ümidləri doğrultmadı, Stefan Vukçeviç isə yol üstündədir, müqaviləni uzatmır.

Klubun şərtləri monteneqrolu yarımmüdafiəçinin qəlbinə yağ kimi yaxılmayıb. Maaşının artırılmasını istəyir. Deyir, başqalarının pulunu nə qədər qaldırmısız, mənə də bir elə pul verin.

Adlarını çəkdiymiz əcnəbilər əsas heyət üzvü idi və avrokuboklar biletinin əldə olunmasında əziyyətləri keçib. Düşərgəyə qayıtmayanlar azmış kimi, gələnlərin sayı da narahatedicidir.

Səlahət Ağayevlə İlkin Qırtımov, bir də Felipe Santos - baş məşqçinin üzərində dayandığı yeni legionerlərin isə nə izi görünür, nə də tozu.

Halbuki "Qəbələ"nin azı 6-7 transferə ehtiyacı var. Görünür, rəhbərlikdə əyləşənlər yaddan çıxarıb ki, Baxşıyev ötən mövsümü 13-14 nəfərlə keçirib və Yaradanın da lütfü ilə inanılmazı bacarıb.

Şübhəsiz, növıbəti sezon daha ağır və rəqabətli keçəcək. Premyer Liqada artıq 10 komanda mübarizə aparacaq. İddialıların sırasına "Səbail" də qoşulmaq əzmindədir hardasa 6-7 iştirakçı avro-zonaya düşmək uğrunda "baş yaracaq".

"Qəbələ"nin onların arasında var olması, sonadək mücadilə etməsi üçün görülməsi gərəkən ilk iş transfer bazarında "diri" tərpənmək, "zənbil"i doldurmaqdır.

Pul yoxdur? Əvvəl yox idi, indi var. AFFA və SOCAR-dan üst-üstə 3 milyon manatlıq yardım paketi alacaqları gözlənilir. Konfrans Liqasına qazanılan vəsiqəyə görə UEFA-dan 1 milyon manata yaxın vəsait gələcək.

«Gilan» insafsızlıq eləməsə, baş sponsoru olduğu kluba azından 500-600 min dollar (bu şirkət büdcəni həmişə dollar üzərindən ayırır) verəcək.

4,5-5 milyon manat normal fəaliyyət göstərmək, nəinki əsas komandanın, akademiyanın və infrastrukturun saxlanılmasına kifayətdir.

Xəsislik eləməsinlər, ağlamsınmağın vaxtı və yeri deyil…

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti