“Qəbələ” İdman Klubunun karateçiləri Rafael Ağayevlə Rafiz Həsənov Avropa çempionatının gümüş medalını qazanıblar.
Sportinfo.az xəbər verir ki, onlar Türkiyənin Qaziantep şəhərində keçirilən 57-ci Avropa çempionatında uğura imza atıblar.
Karateçilər kişilərdən ibarət Azərbaycan milli komandasının heyətində fərqləniblər.
Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət yığma ilk görüşdə Kosovonu 3:1, ardından Portuqaliyanı 2:0, yarımfinalda isə Yunanıstan karateçilərini 3:0 hesabı ilə məğlub edib.
Finalda Fransa komandasına 1:3 hesabı ilə məğlub olan millimiz yarışı gümüş medalla başa vurub.
Qitə çempionatına 45 ölkədən 454 karateçi iştirak edib.

