“Qəbələ”nin xarici ölkə arzusu, yeni transfer istəyi və gözlədikləri 3 cavab

30 May 2022 21:20 Qəbələ 1 112
“Qəbələ”nin xarici ölkə arzusu, yeni transfer istəyi və gözlədikləri 3 cavab

Başa çatan mövsümün sürpriz komandası gərgin keçən mübarizənin sonunda avrokuboklara vəsiqə qazanmağı bacardı.

Bundan sonra əsas hədəf Konfrans Liqasında mümkün qədər irəli getməkdir.

Uğur qazanmaq üçün baş məşqçi Elmar Baxşıyevin sərəncamındakı futbolçular komandada saxlanılmalı, heyət bir az da güclənməlidir.

Bununla yanaşı təlim-məşq toplanışının lazımi şəkildə təşkil olunması və uyğun rəqiblərlə sınaq matçları da olduqca vacibdir.

Elmar Baxşıyev Sportinfo.az-a müsahibəsində çempionatdan sonra yaranan sualları cavablandırıb, qaranlıq məqamlara aydınlıq gətirib.

- Futbolçular istirahətə buraxılıb. Yenidən nə vaxt sərəncamınızda olacaqlar?

- Bu dəqiqə əsas istəyim futbolçularımın istədikləri kimi dincəlməsi, mövsümün yorğunluğunu canlarından atmasıdır. “Sabah”la oyundan sonra istirahətə buraxılıblar. İnşallah, iyunun 15-də yığışacağıq.

- Bakıda?

- Yox-yox, Qəbələdə.

- Toplanışı əvvəldən sona qədər Qəbələdə keçirəcəksiniz?

- Büdcədən asılı olan məsələdir. Əlbəttə, ölkə xaricinə yollanıb xarici komandalarla oynamaq xeyrimizə olar. Büdcədə yaxşı mənada yenilik olsa, ölkəni tərk etməyimiz mümkündür. Açıq deyim, Konfrans Liqası öncəsi xaricə yollanmaq mütləqdir. Çünki iyunda Azərbaycanda rəqib tapmaq çətindir.

- Yerli komandalarla alınmır?

- İyunun ilk 15 günündə ancaq avrokuboklarda iştirak edəcək komandalar toplaşacaq. Onlar da çox güman sınaq matçları üçün ölkə xaricinə yollanacaq. Ona görə deyirəm ki, əcnəbi rəqiblərlə oynamaq çox vacibdir.

- Futbolçuların müqavilələri ilə bağlı vəziyyət nə yerdədir?

- Bəzi futbolçularla yeni anlaşma imzalanıb və bu haqda ictimaiyyətə məlumat verilib. Digər oyunçularla da danışıqlar davam edir. Legionerlərdən 3 nəfərdən cavab gözləyirik.

- Kimlərdir?

- Stefan Vukçeviç, Omar Hani və Fernan Lopes.

- Bəs, Rafael Utrix?

- Rafaelin razılığını almışıq. Onunla bağlı məsələdə elə bir problem yoxdur.

- “Admira”dan icarəyə götürülən Patrik Robsonun aqibəti necə olacaq?

- Patrikin məsələsi hələ açıq qalıb.

- Xidmətində maraqlısınız?

- Onunla yanvarda 1 illik icarə müqaviləsi bağlanıb. Bu ilin sonuna qədər “Qəbələ”yə məxsusdur. Yaxşı təklif olsa, dəyərləndirə bilərik.

- Robsonu icarəyə götürmüsünüz, onunla bağlı təklifə son sözü deyəcək klub “Qəbələ”dir, yoxsa “Admira”?

- İcarə müqaviləsidir, amma orada bəzi şərtlər var. Ona görə deyirəm.

- Yeri gəlmişkən, Yaovi Akakponun apreldə məşqlərə başayacağı deyilmişdi. Lakin mayın 21-nə qədər oynamaq şansı qazanmadı.

- Yaovi əməliyyat olunanda dizində kiçik problem var idi. Lakin əməliyyat vaxt həmin şişi götürməmişdilər. Sonradan Bakıda həll etdik. Qığırdaqlarla bağlı problem idi.

- Hazırkı durumu necədir?

-Artıq düzəlib, heç bir problem yoxdur. Əslində “Sabah”la oyun üçün hazır idi, sadəcə, risk etmək istəmədik. İnşallah, iyunun 15-də tam gücü ilə çalışmalara başlaya biləcək.

- Ürfan Abbasovun əməliyyatdan sonrakı vəziyyəti necədir? Yaşıl meydanlara dönüşü nə vaxta planlaşdırılır?

- Təəssüf ki, avrokuboklarda bizə kömək edə bilməyəcək. Müalicəsi və bərpa prosesi təxminən 4 ay çəkəcək. Allahın izni ilə sentyabrda məşqlərə başlayar. Çarpaz bağlardan əməliyyat vaxt aparan prosesdir.

- Belə başa düşdüm ki, komandanı tərk edən olmayacaq.

- Əsas hədəfimiz indiki heyəti qorumaqdır. Bununla yanaşı mümkün qədər güclənmək. Hələ ki, yalnız İlkin Qırtımovla müqavilə bağlamışıq.

- Növbəti yerli transfer(lər) gözlənilir?

- Heyətimiz elə də geniş deyil. Komandamıza kömək edə biləcək futbolçu olsa, niyə də yox?!

- Danışıq apardığınız futbolçular var?

- Hələ ki, komandamızdakı yerlilərlə yeni müqavilə imzalanır. Bu prosesi başa vurandan sonra dediyiniz məsələyə baxmaq olar. Əlavə 1-2 futbolçu ilə güclənməyimiz yaxşı olar.

- Hansı mövqelər üçün?

- Əsasən hücumameyilli futbolçuların cəlb olunması məqsədəuyğundur.

- “Qəbələ” avrokuboklara vəsiqə qazandığına görə rəhbərlik tərəfindən mükafatlandırılmalıydı...

- Klub rəhbərliyi indiyə qədər nə söz veribsə, yerinə yetirib. Bizdə maliyyə və mükafatla bağlı heç vaxt problem olmayıb.

- Mükafatı almısınız, ya yox?

- Dediyim kimi, nə söz verilmişdisə, əməl olunub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti