Ötən mövsümün əvvəli qeyri-müəyyənlik burulğanında var-gəl edən "Qəbələ" sonda müəyyən gecikmə ilə də olsa yeni mövsümün hazırlıqlarını start verə bilmişdi.
Amma qaça-qovdu, tələm-tələsik yığılan heyətə rəğmən əla mövsüm keçirməyi bacaran "qırmızı qaralar" sonda Konfrans Liqasına qazanmağı bacardı.
Bürünc medaldan isə komandanı dəqiqələr ayırdı. Daha dəqiqi "Sabah"lı Kaşukun son turun, son dəqiqələrində vurduğu qol.
Artıq 10 gündü mövsüm başa çatıb. Qarşıda bölgə komandasın Avropa arenasında çıxış gözləyir. Rəhbərlik, məşqçi və futbolçu heyətinin böyük əziyyəti bahasına əldə olunan uğur heç kimi çaşdırmasın.
Heyət mütləq güclənməlidir. Fantastik nəticə üçün yox ha, hələ layiqli mübarizə üçün bu mütləqdir.
Amma klubda sanki ötənilki mənzərə yaşanır. Prezidentdən baş məşçiyə kimi hər kəs qarşıdakı planlar haqqında danışmaqda tərəddüt edir. Bunu mətbuata verilən açıqlamalarda da hiss etməmək mümkün deyil.
Çünki büdcə hələ də təsdiqini tapmayıb. Hazırlıqla bağlı suallar öz yerində. Komandanın güclənməsi barədə söhbət belə getmir. Yalnız heyətdəkilərin qorunub-saxlanması üçün edilən çabalar gözə dəyir.
Bu şərtlərlə hazırlaşan komanda sabah Konfrans Liqasında ilk büdrəmədə tənqid atəşinə tutulacaq.
Amma hazırda yeni transferlər barədə danışmaqda çətinlik çəkən, toplanışı harada keçirməklə bağlı çarəsizlik yaşayan baş məşqçini və rəhbərliyi sabah nədəsə qınamaq insafdan deyil.
Budcə ayrılacaqsa, bunu uzatmağın adı nədir axı? Hə, ötən il Premyer Liqaya hazırlıq idi. Cəhənnəm, ən pis halda komanda çempionatda çətinlik yaşayacaq, biabır olacaqdı.
Ancaq indi söhbət Avropa arenasında ölkəmizi layiqinci təmsil etməkdən gedir. Heç olmasa bu dəfə tələsmək, zamanında kluba büdcə ayırmaq lazımdır. Ki, sabah acısı avrokuboklarda yaşanmasın.
XANOĞLAN İMANOV

