“Qəbələ” üçün əla imkan – Nə etməli?

19 May 2022 21:00 Qəbələ 933
“Qəbələ” üçün əla imkan – Nə etməli?

Premyer Liqanın qızıl və gümüş medalçılarının adları məlumdur.

28-ci turdan sonra “Qarabağ” birinci, “Neftçi” ikinci yerin mükafatına qovuşacaq.

İndi əsas sual bürünc medalların kimə qismət olacağıdır.

Düzdür, indiki məqamda “Zirə” bu ada daha yaxındır. Qəsəbə təmsilçisi 27 oyundan sonra 46 xal toplamaqla əsas izləyicisi “Qəbələ”ni 2 xal qabaqlayır.

Rəşad Sadıqovun yetirmələri medalları bayram etməyə çox yaxındır. “Qartallar” mayın 21-də uğursuz nəticələri sıralayan və heyətində itkilər olan “Şamaxı”nı doğma azarkeşləri önündə qonaq edəcək.

Qələbə Qəbələdəki nəticədən asılı olmayaraq, zirəlilər üçün bürünc mükafatın təmin olunması anlamına gələcək.

Bəs, “Qəbələ” hansı şərtlər altında mövsümü “3-lük”də tamamlaya bilər?

Bunun üçün bölgə təmsilçisi “Sabah”ı mütləq və mütləq məğlub etməlidir. Hətta heç-heçə belə, işə yaramayacaq.

Qəbəlilərin qələbəsi, zirəlilərin məğlubiyyəti fonunda Elmar Baxşıyev “bürünc”ün dadını çıxaracaq. “Qəbələ” “Sabah”ı udsa, “Zirə” isə “Şamaxı” ilə bərabərə qalsa, belədə xalla bərabərləşəcək – 47.

Xallar bərabər olacağı təqdirdə medal üçün üstünlük bu komandaların öz aralarındakı görüşdə ən çox xal toplayana veriləcək.
Maraqlıdır, bu baxımdan vəziyyət necədir?

Üstünlük birmənalı bölgə təmsilçisinin tərəfindədir.

“Qırmızı-qaralar” cari mövsümdə bu rəqiblə Zirədə oynadığı hər iki matçdan üstün ayrılıb – 2:1, 3:0. Qəbələdəki görüşlərdə isə bərabərliklər olub – 1:1, 0:0.

Bu, o anlama gəlir ki, “Zirə” “Şamaxı” ilə qarşılaşmada heç-heçə edəcəyi, “Qəbələ” isə “Sabah”ı udacağı halda bürünc medallar bölgə təmsilçisinə qismət olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti