Azərbaycanda futbol mövsümünün adamları

17 May 2022 09:40 Qəbələ 824
Azərbaycanda futbol mövsümünün adamları

Azərbaycanda mövsümün klubu da, komandası da, məncə, artıq məlumdur.

Hər iki nominasiya üzrə qalib «Qəbələ» olmalıdır.

Doğrudan da, fantastik 10 ay keçirdilər, inanılmazı başardılar. Burada bir nəfəri göstərib demək olmaz ki, uğurun tək memarı odur.

3 ildən sonra Avropanı salamlayan klubun hər bir üzvünün rolu, payı, zəhməti, əziyyəti var. Prezidentindən, idman direktorundan tutmuş ta xadiməçisinə, aşpazına kimi.

Deməyək birinin xidməti az, birininki çoxdur. «Qəbələ»də ayrı-seçkilik olmadığı üçün sonda futbol ilahəsi onların üzünə güldü.

Başda Elmar Baxşıyev olmaqla, məşqçi korpusuna, futbolçu heyətinə xüsusi alqış düşür. Hər biri fədakardır, qəhrəmandır.

Məhdud büdcə ilə sezonu açan, bütün məhrumiyyətlərə, basqılara rəğmən, enişli-yoxuşlu marafonu liderlər qrupunda başa vuran «Qəbələ» camiəsi örnəkdir.

Qoy «Şamaxı», «Sumqayıt» və digərləri onlardan nümunə götürsün.

Zaur Əzizov da yaddan çıxmaz. Düzdür, baş menecer qış fasiləsində «Qəbələ»ni «Neftçi» dəyişdi, amma bu, heç nəyi dəyişməz, onun xidmətini kiçiltməz, azaltmaz.

Mövcud heyətin yığılmasında, onlardan komanda formalaşdırılmasında əziyyəti danılmazdır. Sağlam bir bünövrə qoyub getdi, Nail Kərimov da məsuliyyəti üzərinə götürüb, işi özünə yaraşan səviyyədə başa çatdırdı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti