Yeni mövsüm ərəfəsi "Qəbələ"də sular çox "bulanıq" idi. Nə heyət vardı, nə plan, nə də hədəf.
Hətta komanda hazırlığa planlaşdırdığından bir neçə gün sonra başlamalı olmuşdu.
Belədə, təbii olaraq futbol ictimaiyyəti komandanın gələcək perespektivini "qaranlıq" görürdü. Heç "Sumqayıt", "Keşlə" də yox, "Səbail"lə müqayisə aparılırdı. Hər iki kollektivin sonuncu pillədə qalmamaq uğrunda mübarizə aparacağı ehtimal olunurdu.
Amma Elmar Baxşıyevin komandası startdaca hər kəsi təəccübləndirməyi bacardı. Komanda müəyyən dönəm hətta lider oldu. Hazırda isə sona 7 tur qalmış klub ilk dördlükdədir. Yəni avrokuboklar zonasında.
Ancaq yenə bu komandaya inamsızlıq və mənfi münasibət sezilməkdədir. Nədi-nədi son 5 turda 2 məğlubiyyət yaşanıb.
Artıq əksəriyyə 5 xal geridə olan "Sabah"ı avrokuboklarda görür. Hətta məşqçi və futbolçulara verilən suallar təxminən eyni məzmundadır - "Sabah"ın sizi üstələməyindən narahatsınız?".
Axı niyə? "Qəbələ" niyə 4 xal gerisində olduğu "Neftçi" ilə, 2 xal gerisində olduğu "Zirə" ilə yox, məhz 5 xal öndə olduğu "Sabah"la müqayisə olunur?
Əvvəla son iki məğlubiyyətdə rəqiblərdən biri "Qarabağ", digər də "Neftçi" olub. Bu rəqiblərdən isə məğlubiyyət almaq yox, xal(lar) qazanmaq təəccüblü görünməlidir.
Digər tərəfdən qarşıda 7 tur var. Kim zəmanət verir ki, bu görüşlərdə "Qəbələ" məğlubiyyətləri sıralayacaq?
Mövsümün əvvəli "Səbail"lə müqayisə anlaşılan idi. Amma indi özündən 1 pillə geridə olan komanda ilə müqayisə də kənardan yaxşı görünmür. Ki, bölgə klubu belə münasibəti haqq etmir.
Çünki arxada qalan 21 turda "Qəbələ" çox dəyişdi, çox inkişaf etdi və çox böyüdü. "Səbail"lə müqayisə olunan kollektiv "Neftçi" və "Qarabağ" kimi rəqiblərə badalaq vurmağı bacardı.
Deməli, "Qəbələ" dəyişdisə, ona münasibət də mütləq dəyişməlidir. Arxadakının ona çatması yox, "Qəbələ"nin öndəkilərə çatmaq perespektivi daha çox danışılmalı, müzakirə edilməlidir. Ki, arxada qalan 3 dövrə bu ehtimalın daha yüksək olduğunu bizə göstərib. Reallığı qoyub, niyə fantaziya dalınca qaçırıq ki?
XANOĞLAN İMANOV

