Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" yoxlama oyununda üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev bu matçda aşağıdakı start heyətinə şans verib:
Elməddin Sultanov, Ehtiram Şahverdiyev, Məqsəd İsayev, Ruan Renato, Urfan Abbasov, Murad Musayev, Kamal Mirzəyev, İsnik Alimi, Asif Məmmədov, Patrik Robson, Ülvi İsgəndərov.
Qarşılaşma erkən qolla başlayıb. Start fitindən az sonra “Zirə” hesabı açıb. Qarşılıqlı hücumlarla keçən görüşün ilk yarısında hər iki komandanın fərqlənmək imkanları olsa da, hesab dəyişməyib.
Fasilədə və ikinci hissədə rəqiblərin heyətində dəyişikliklər olub. “Qəbələ”də Rafael Utziq, Rövlan Muradov, Rüfət Əhmədov, Stefan Vukçeviç və Fərid İsgəndərov komanda yoldaşlarını əvəzləyib.
İkinci hissənin əvvəllərində İsnik Alimi penalti zərbəsi ilə hesaba tarazlıq gətirib. Rafael Utziq isə qonaqları önə çıxarıb – 2:1.
Hissənin ikinci yarısında hücumlar təşkil edən tərəflər fərqlənə bilməyib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.
"Zirə" hazırda Premyer Liqada 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
"Zirə" - "Qəbələ" 1:2
Qollar: Hamidu Keyta - İsnik Alimi-pen, Rafael Utziq

