Azərbaycan Premyer Liqasında bu mövsümün surpriz komandası sözsüz ki, "Qəbələ"dir. Bölgə komandası maliyyə sıxıntısı, kasad heyət və mövsümə hazırlığa gec start verməsinə rəğmən sona 8 tur qalmış ilk dördlükdə qərar tutmağı bacarıb. Zaman-zaman lider belə olub.
Son yaxın axsamalar olacağı gözlənilirdi. Hələ bura qədər duruş gətirmələri böyük cəsarət tələb edir.
Əbəs deyil ki, son iki tura kimi liderin ən yaxın izləyicisi olan komanda indi 5-ci yerə ən yaxın komandadır. "Sabah" bütün ümidini "Qəbələ"nin son turlardakı xal itkilərinin davamlı olmasına yönəldib. Bir sözlə, Elmar Baxşıyevin komandası üçün ən gərgin dönəm son 3 turdu start götürüb. "Zirə" ilə bərabərlik və "Qarabağ" ilə "Neftçi"yə məğlubiyyətləri unutdurmaq üçün mütləq toparlanmaq lazımdır.
Dünənə kimi zədəlilərin olmasını və kasad heyətin sıxıntısını özünə dərd edən gənc mütəxəssis üçün indi də yeni bir dərd ortaya çıxıb.
Söhbət milli komandaya dəvət alacağı yüksək ehtimal olunan Murad Musayev, Ülvi İsgəndərov və Rövlan Muradovun kənarda qalmasından gedir.
Əsas millinin çalışdırıcısı Canni De Byazi Musayevin vizaya görə kənarda qaldığını dilə gətirdisə, digərləri haqqda xoş sözlər desə də tutarlı arqument gətirməyi bacarmadı.
Futbolda psixoloji durum çox vacib detaldı. Yerində deyilsə, ən yüksək səviyyəli futbolçular da meydanda bacarığını tam göstərə bilməz. Hər nə qədər adıçəkilənlər mətbuata açıqlamalarında özlərini təmkinli göstərsələr də mütləq ki, ağıllarının bir küncündə Maltada olmamağın üzüntüsü var. İndi gəl bu ab-havada növbəti matçlara hazırlaş.
Onsuz da dərdi başından aşan Baxşıyev indi də bu mənfi auranı onların üzərindən götürməyin yollarını axtarmalıdır. Mövsümün xilası üçün başqa yol da yoxdur.
XANOĞLAN İMANOV

