Premyer Liqanın son turunda «Neftçi»yə 0:4 hesablı məğlubiyyət «Qəbələ» rəhbərliyinin narahatlığına səbəb olub.
Onları qayğılandıran komandanın qış fasiləsindən sonra keçirdiyi səfər matçlarında böyükhesablı yenilgiləri sıralamasıdır.
Belə ki, «qırmızı-qaralar» daha əvvəl «Sabah»a 0:3, «Qarabağ»a 1:5 hesabıyla uduzub.
İndiki vəziyyət bir qədər kritikdir. Yeni ildən bəri qeyri-sabit çıxış edən kollektiv artıq turnir cədvəlində mövqelərini əldən verməyə başlayıb. 33 xala malik əyalət təmsilçisi ikinci pillədən dördünc sıraya enib.
«Qəbələ» rəhbərliyi futbolçuları «qış yuxusu»ndan oynatmağın yolunu tapmağa çalışır. Görürlər ki, mükafat da həlledici məqamlarda çox işə yaramır.
Ötən tur öncəsi evdə «Zirə» ilə qarşılaşan komanda qələbə qazana bilməsə də (0:0), rəsmilər əsas heyət üzvlərinin hər birinə 800 manat «ənam» verib.
Odur ki, hazırda istirahətdə olan oyunçularla toplanışın ilk günündə iclas keçirilməsi nəzərdə tutulub. Xəbərdarlıq tipli yığıncaqda qeyri-stabil çıxışşın səbəbləri müzakirə olunacaq.
Artıq belə nəticələr yerli azarkeşlərin də səbr kasasını daşırıb. Fanatlar mövsümün surpriz nəticələrinə imza atan komandalarını belə nəticələrdən sonra rahat buraxmaq fikrində deyil.
Bunu komandanın yeganə azarkeş qrupu olan "Red Black Army" azarkeş qrupunun rəhbəri Cavad Şəriflinin sosial şəbəkə hesabındakı paylaşımından hiss etməmək mümkün deyil.
O, futbolçuları ayılmağa səsləyib və belə gedə bilməz deyə, xəbərdarlıq edib: "Bəylər, başda Nicat olmaqla özünüzə gəlin. Artıq böyük hesablı məğlubiyyətlərə adət edirsiniz.
Yolların bağlı, hər yerin qar olmasına baxmayaraq uzaq yoldan gələn uşaqlar tribunada can qoyur.
Bəziləriniz oyun qurtaran kimi paltardəyişmə otağına gedirsiniz. Hər şeyi görürük. Bunu bilin ki, bu, belə getməz".
SPORTİNFO.AZ

