Cari mövsümün sürpriz komandası “Qəbələ” qış fasiləsindən sonra böyük hesablı yenilgiləri sıralayır.
Məhdud büdcə ilə iddialı komandalara başağrısı olan bölgə təmsilçisi fevraldan bu yana meydana çıxdığı oyunlarda “Sabah”a 0:3, “Qarabağ”a 1:5, “Neftçi”yə 0:4 hesabı ilə uduzub, medallar uğrunda əsas rəqiblərindən olan “Zirə”ylə doğma azarkeşləri önündə qolsuz bərabərə qalıb.
“Qırmızı-qaralar” qış fasiləsinə 2-ci pillədə yollanmışdısa, bu gün 4-cü sırada yer alıb və artıq 5-ci yerdəki “Sabah”ın nəfəsini hiss etməkdədir.
Millilərin oyunları ilə əlaqədar çempionatda fasilə yaranmışkən, “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə söhbətləşməyi qərara aldıq.
- “Neftçi”yə ağır məğlubiyyətdən sonra özünüzü necə hiss edirsiniz?
- Çempionatın həlledici mərhələsinə qədəm qoyuruq. Ona görə də neqativ düşüncələrdən uzaq olmağa çalışırıq. Yaxşı düşünməliyik ki, bundan sonra yaxşı olsun.
- Komandada hər hansı problem var?
- Nə mənada?
- Maaş gecikməsi, futbolçuların “havada uçması”... Qış fasiləsindən sonrakı vəziyyətə görə soruşuram.
- Hər şey qaydasındadır. Əvvəl necə idisə, bu gün də elədir. Adət etdiyimiz iş rejimində yolumuza davam edirik. “Neftçi”yə 0:4 uduzmağı nəzərdə tutursunuzsa, bizim üçün çətin olacağını bilirdik. “Zirə” ilə qarın üstündə 2 gün oynadıq. Oyundan sonra Qəbələdən Bakıya qayıtdıq. Bizimlə müqayisədə “Neftçi”nin 2 gün artıq dincəlmək imkanı olmuşdu. Bizdə yorğunluğun siqnalları var idi. Bunu özüm də görür, hiss edirdim. Oyun olaraq rəqibdən aşkar geri qaldığımızı düşünmürəm. Sadəcə, həlledici məqamlarda konsentrasiyanı qoruya bilmədik ki, bunun səbəblərindən biri yorğunluqdur.
- “Neftçi”yə məğlubiyyəti anladıq. Bəs, “Sabah” 0:3, “Qarabağ”a 1:5 uduzmaq? “Zirə”ni Qəbələdə məğlub edə bilməmək?
- Mən nəticəyə yox, oyunun keyfiyyətinə baxıram. “Zirə”ylə oyunda 6 real qol imkanı yaxalayıb dəyərləndirə bilmiriksə, komandadan narazı qala bilmərəm. Nəticə baxımından axsaqlıqlar ola bilər, amma oyun baxımından komandadan istədiyimi alıram. Çempionat sona yaxınlaşır. Belə məqamda rəqiblərin güclənməsini, məsuliyyəti artırmasını, daha çox nəticəyə can atması amillərini unutmamalıyıq. Əsas odur ki, uduzduğumuz oyunlarda əllərimizi yanımıza salmamışıq. Sona qədər varlığımızı göstərmişik. Bundan sonra da bu şəkildə davam edəcəyik. Futbolçularıma və komandama inanıram.
- Rəqiblər nəticəyə köklənir, siz isə baxımlı oyun tələb edirsiniz. Təhlükəli deyil?
- Mənə 0:1 hesabı ilə uduzduğu halda müdafiə olunan komanda lazım deyil. Mənim istəyim “Qəbələ”nin açıq futbol oynayıb, daim hücum etməsidir. Böyük hesabla yenildiyimiz matçlarda 0:1-i, yaxud 0:2-ni qorumaq asan idi. Kollketiv şəkildə müdafiə olunmaqla hesabı qoruya bilərdik. Amma bu, mənə lazım deyil.
- Qış fasiləsində etmədiyiniz, yaxud edə bilmədiyiniz transferlərə görə indi başınızı tutduğunuz anlar olur?
- İmkanımız nəyə çatdırdısa, onu da etdik. Bu mənada narahatlıq və ya peşmanlıq yoxdur.
- “Qəbələ”nin turnir cədvəlində 4-cü pillədə yer alması məntiqəuyğundur? Komandanızın yeri oradır?
- Komandanın daha artığını etməyə qadir olduğunu düşünürəm. Mövsümboyu bütün sıxıntılara baxmayaraq, “Qəbələ” ən yaxşısını etməyə çalışıb. Qarşıda 8 tur var, siz bizi indidən niyə hesabdan silirsiniz ki?
- Allah etməsin! Əksinə, əzmkar “Qəbələ”ni medalçılar sırasında görmək istəyirik.
- “Qarabağ”ı çıxsaq, digər 2 rəqiblə aramızda elə də böyük fərq yoxdur. İndiki vəziyyətdə “Zirə”dən 2, “Neftçi”dən 4 xal geri qalırıq (müsahibə “Zirə” – “Qarabağ” matçından əvvəl alınıb – H.). “Qəbələ” təslim olmayıb. Sona qədər müqavimət göstərəcəyik.
- Qış fasiləsindən sonra 2-ci pilləni “Neftçi”yə, 3-cü pilləni “Zirə”yə verdiniz. 5-ci pillədəki “Sabah”ın da sürət yığmasının mümkünlüyü sizi qorxutmur ki?
- Məni qorxudan və düşündürən öz komandamdır. İrəlidə hansı komandadır, arxadakı komanda ilə xal fərqi neçədir – bunlara ciddi önəm vermirəm. Çünki taleyimiz öz əlimizdədir. Biz lazım olan nəticələri əldə edəndən sonra rəqiblərin nə etməsi heç nəyi dəyişməyəcək.
- İllərdir futboldasınız, saçlarınızı futbolda tökmüsunuz. “Qəbələ” mövsümün hansı pillədə başa vuracaq? İçinizdən gələn səs nə deyir?
- Nə mövsümün əvvəlində, nə gedişində, nə də indi komandamı pillələrə qoymamışam. Hər həftə qarşıdakı oyunu düşünmüşük, bundan sonra da belə olacaq. Qismətimizdə varsa, medal qazanacağıq, yoxdursa, deməli bacaracağımız bu imiş.
- Yayda əksər futbolçuların klubla müqaviləsinin müddəti başa çatacaq. Onları qoruyub-saxlamaq mümkün olacaq?
- Daha da güclü və iddialı olmaq istəyiriksə, ilk növbədə bu gün heyətimizdə onları saxlamağı bacarmalıyıq. Yox, indikindən daha artığını görmək istəyiriksə, yeni futbolçuların cəlb olunması vacibdir.
HƏBİB / SPORTİNFO.AZ

