«Qəbələ»nin futbolçuları, deyəsən, həm rəhbərliyinə, həm də baş məşqçisinə söz verib.
Ki, səfər oyunlarında qapılarını açıq qoyub, karvansaraya çevirəcəklər.
Bir dəfə «Sabah», bir dəfə «Qarabağ»… Bu dəfə də «Neftçi».
Sakit və həlim xasiyyətli, əsib-coşmağı, bozarmağı olmayan Elmar Baxşıyevin dünənki oyundan sonra nə hisslər keçirdiyini təxmin edirəm.
Təzyiqi qalxmış, rəngi ağarmış, pərt bir vəziyyətdə.
Son 3 turda komandası liderlər qrupunda qərarlaşan əsas rəqibləri ilə üz-üzə gəlib və cəmi 1 xal toplayıb.
«Qarabağ»dan 5, «Neftçi»dən 4 qol «yeyən» «Qəbələ»nin avrokuboklara getmək üzrə olmasını yada salanda adamı bəok üşütmə tutur.
İlahi, bunlar qitə arenasına «avara» müdafiə xətti ilə yollanır, görəcəyimiz günlər hələ qabaqdadır!
Orda bir ciddidən-ciddi «şaqqalama əməliyyatı» gözləyir «Qəbələ»ni.
«Hadi, qoçum», «canım mənim»lə Azərbaycan Premyer Liqasında oynamaq, qazanmaq, medala iddia etmək, hətta onu əldə eləmək mümkündür, bəs avrokuboklar?
Ora axı başqa səviyyədir və Murad Musayevlə, Nicat Mehbalıyevlə Biləcəridən o tərəfə yalnız böyürtkən toplamağa getmək olar (o da olsa), başqa heç zad.
KAMİL

