Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Günün mərkəzi oyununda medallara iddiaçılar “Neftçi” ilə “Qəbələ” üz-üzə gələcək.
Bu görüş bakılılar üçün xüsusi önəm daşıyır. Çünki “Neftçi” yaranmasının 85-ci ildönümündə meydana çıxacaq.
Sportinfo.az-a açıqlama verən “Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç rəqibin üstün tərəfini gizlətməyib. Bölgə təmsilçisinin monteneqrolu “8 nömrə”si bildirib:
“Neftçi”nin heyətində ustalıq keyfiyyəti yüksək olan futbolçular var. Bəzən hansısa oyunçu matçın taleyini həll etməyi bacarır.
Qış fasiləsində heyəti gücləndiriblər və son vaxtlar daha inamlı görünürlər. Bütün bunlara baxmayaraq, öz komandama və komanda yoldaşlarıma güvənirəm.
Bacardığımızın ən yaxşısını ortaya qoyacağıq. Yekunda necə olacağını tablodakı rəqəmlər göstərəcək”.
Stefan Vukçeviç cari Premyer Liqa və ölkə kuboku mövsümündə “Qəbələ”nin heyətində 20 oyunda meydana çıxıb.

